Qazaxıstanda noyabrın 20-də keçirilmiş növbədənkənar prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, 6 namizədin qatıldığı seçkidə dövlət başçısı Qasım-Comərd Tokayevin 81,3 faiz səslə üstün gəldiyi bəyan olunub.
1953-cü il təvəllüdlü Qasım-Comərd Tokayev ali təhsilli diplomat, siyasi elmlər doktorudur.
1975-ci ildən SSRİ Xarici İşlər Nazirliyində, ölkənin Sinqapur və Çindəki səfirliklərində müxtəlif postlar tutub.
1992-ci ildən Qazaxıstan xarici işlər nazirinin müavini, 1993-cü ildən nazirin birinci müavini olub. 1994-cü ildə xarici işlər naziri postuna təyinat alıb, 1999-cu ildə əvvəl baş nazirin müavini, ardınca baş nazir vəzifəsinə keçib.
2002-ci ildən Qasım-Comərd Tokayev dövlət katibi-xarici işlər naziri, 2003-cü ildən xarici işlər naziri postlarında fəaliyyət göstərib, 2007-ci ildən Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata sədrlik edib.
2011-ci ildən BMT baş katibinin müavini olan Qasım-Comərd Tokayev 2013-cü ildə yenidən Senatın sədri seçilib.
2019-cu il martın 20-də prezident Nursultan Nazarbayev istefa verib, Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.
2022-ci il sentyabrın 17-də prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, bir dəfədən artıq seçilməyə yasaq qoyulub (əvvəlki normaya əsasən, eyni şəxs ardıcıl olaraq iki dəfədən çox prezident seçilə bilməzdi), sentyabrın 21-də növbədənkənar seçki qərarı verilib.