Üç aydır İranda kütləvi etiraz aksiyaları keçirilir. Etirazlar gənc kürd qadın Məhsa Əmininin ölümündən sonra başlanıb. Sentyabrın 13-də əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Əmini üç gün sonra xəstəxanada vəfat edib. Çoxları gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.
Hökumətin sentyabrın 18-dən start götürən aksiyaları yatırtmaq cəhdlərinin indiyədək 300 nəfərə yaxın adamın ölümü, 14-15 min adamın həbsi ilə nəticələndiyi bildirilir.
Novator.az saytı ABŞ-ın CNN kanalına istinadla qeyd edir ki, İrandakı vəziyyətlə əlaqədar sosial şəbəkələrdə, digər mənbələrdə, o cümlədən kütləvi informasiya vasitələrində çoxsaylı dezinformasiya da dolaşır. Belə dezinformasiyalardan biri hətta Kanada hökumətinin rəhbərini də yanılda bilib.
Kanadanın baş naziri Castin Tryudo noyabrın 14-də “Tvitter” şəbəkəsində İran rejiminin 15 min nəfərə yaxın etirazçıya edam cəzası çıxarmasını kəskin şəkildə qınayan fikir yazıb.
CNN bildirir ki, çox güman, baş nazirin bu tvitinə “İnstagram” şəbəkəsində yayılan foto səbəb olub. Həmin fotoda əlində İran bayrağı tutmuş qadın əks olunub. Bayrağın üzərində “İran üsyançıların hamısına dərs olsun deyə 1500 etirazçını edama məhkum edir” sözləri yazılıb.
Foto yayılandan bir qədər sonra “İnstagram” şəbəkəsi 1500 etirazçının edama məhkum edilməsi xəbərinin yalan olduğu barədə xəbərdarlıq yerləşdirib.
12 saat sonra isə Castin Tryudo öz tvitini şəbəkədən silib.
Lakin “İnstagram”dakı foto şəbəkənin xəbərdarlığına, baş nazirin tviti isə silinənə qədər xeyli istifadəçi arasında paylaşılıb.
CNN xəbər verir ki, istər fotonu, istərsə də tviti palyaşanlar arasında çoxlu tanınmış şəxs olub.
Kanal vurğulayır ki, Castin Tryudo kimi sensasiyalara meyillənməyən, pafosdan uzaq durmağa çalışan siyasətçinin dezinformasiyaya ən azı bir neçə saatlığa legitimlik donu geydirməsi çağdaş dövrdə, sosial şəbəkələr erasında xüsusilə yerində yoxlanması çətin olan saxta məlumatların nə qədər uzağa gedə biləcəyinə növbəti bariz nümunədir.
İranın rəsmi KİV-lərinin məlumatına görə, indiyədək 5 etirazçı edama məhkum olunub.
Həbs edilən 14-15 min etirazçıdan neçəsinin sərbəst buraxıldığı, nə qədərinin hələ də həbsdə saxlandığı bilinmir.
Mənbə: CNN.com