AXCP sədri Əli Kərimli Fransa Senatının 15 noyabr qətnaməsinə münasibət bildirib.
Senat Fransa parlamentinin yuxarı palatasıdır. Qurumun noyabrın 15-də qəbul etdiyi qətnamədə Azərbaycan Ermənistana təcavüzdə, Qarabağ ermənilərinin hüquqlarını pozmaqda günahlandırılır, Fransa hökuməti Azərbaycana sanksiyalar (ölkə liderlərinin aktivlərinin müsadirəsi, Azərbaycandan neft və qaz almağa embarqo qoyulması) tətbiqinə çağırılır, Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanımağın zəruri olduğu vurğulanır.
Novator.az-ın məlumatına görə, Əli Kərimli yazır ki, Fransa Senatının Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul etməsi, erməni separatçılarının xeyrinə bir çox tələb irəli sürməsi ölkə üçün çox neqativ hadisədir, bunu kiçiltmək, əhəmiyyətsiz sənəd kimi qələmə vermək lazım deyil: “Qətnamə, əlbəttə, obyektivlikdən uzaqdır, qərəzlidir, Ermənistanın saxta arqumentləri əsasında qəbul edilib. Belə bir qətnamənin qəbulunda, şübhəsiz, Fransadakı erməni diasporunun rolu və Fransanın Ermənistana daha xoş münasibətinin təsiri var.
Ancaq Fransa ilə münasibətlərin bu həddə gərginləşməsi həm də Azərbaycan hakimiyyətinin məsuliyyətidir. Nəyə görə son illərə qədər Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə ən azı tarazlığı qorumağa çalışan rəsmi Paris Ermənistanın birmənalı dostu oldu? Niyə uzun illər Azərbaycanla münasibətləri heç də pis olmayan Fransanın Azərbaycanla münasibətləri bu qədər pisləşdi?
Xarici siyasətin, diplomatiyanın borcu dövlətlərlə münasibətləri qoruyub inkişaf etdirmək, düşməni də dosta çevirmək deyilmi? “Filankəs qələt edir, filan ölkə ermənipərəstdir, onu yerində oturdarıq” ritorikası bizə dost qazandırmır, əksinə, Ermənistanın dostlarını artırır. Aydın deyilmi ki, korrupsiya və repressiya çempionu, Rusiyanın müttəfiqi olmaqla müasir dünyada dost, tərəfdar qazanmaq mümkünsüzdür? Aydın deyilmi ki, Şimaldan, Cənubdan, Şərqdən və Qərbdən gələn anti-Azərbaycan ritorikası, dörd bir tərəfimizin erməni dostu olması İlham Əliyevin xarici siyasətinin iflasıdır?”