Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa Senatının 15 noyabr qətnaməsini şərh edib. Şərhdə qeyd olunur ki, Azərbaycana sanksiyaların tətbiqinə çağıran, Ermənistan ərazisindən dərhal geri çəkilmək, atəşkəsə riayət etmək tələbləri qoyan qətnamə həqiqətdən tam uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir, açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirməyə yönəlib: “Hər hansı hüquqi qüvvəsi olmayan bu qətnamə sülh prosesinə töhfə vermək niyyətini bəyan etmiş Fransanın qərəzli və birtərəfli siyasi mövqeyini növbəti dəfə bariz nümayiş etdirir. Təəssüf ki, Fransa parlamentinin yuxarı palatasının qətnaməsində Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüz minlərlə məcburi köçkünün hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi ilə bağlı faktlar göz ardına alınır.
Qətnamədə “Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycanın Konstitusiyasına uyğun olaraq təmin ediləcək”.
Senat Fransa parlamentinin yuxarı palatasıdır. Qurumun noyabrın 15-də qəbul etdiyi qətnamədə Azərbaycan Ermənistana təcavüzdə, Qarabağ ermənilərinin hüquqlarını pozmaqda günahlandırılır, Fransa hökuməti Azərbaycana sanksiyalar (ölkə liderlərinin aktivlərinin müsadirəsi, Azərbaycandan neft və qaz almağa embarqo qoyulması) tətbiqinə çağırılır, Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanımağın zəruri olduğu vurğulanır.
348 nəfərlik Senatı bölgələrdəki kollegiyalar seçir. Qurumun səlahiyyət müddəti 6 ildir.
Fransa parlamentinin aşağı palatası – Milli Məclis 577 təkmandatlı dairədə 5 il müddətinə seçilir.
2020-ci il noyabrın 25-də Fransa Senatı, dekabrın 3-də Fransa Milli Məclisi Qarabağ qətnamələri qəbul etmiş, hər iki sənəddə Fransa hökuməti Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanımağa çağırılmışdı.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Dağlıq (Yuxarı) Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Ermənistana gedən Laçın yolu separatçı rejimlə Rusiya hərbi kontingentinin nəzarətindədir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycan hərbçiləri 2021-ci ilin may, 2022-ci ilin sentyabr aylarında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.