Müsavat Partiyasının bir qrup üzvü noyabrın 15-i Bakının mərkəzində, İran səfirliyi önündə piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq vermədiyi üçün səfirliyin qarşısı, ətraf ərazilər, o cümlədən Axundov bağı polis nəzarətinə götürülüb, bir çox aksiyaçı tutulub.
Əsas şüarı “Azadlıq, ədalət, milli hökumət!” olan aksiyada İranın Azərbaycana qarşı siyasətinə və ölkədə dinc aksiyaçılara divan tutulmasına etiraz nəzərdə tutulmuşdu.
Novator.az aksiyanın qətnaməsini təqdim edir: “İranın Azərbaycana qarşı təhdidləri getdikcə artır. Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlanmasına 30 il adekvat reaksiya verməyən rəsmi Tehran indi açıq şəkildə Ermənistanın müdafiəçisi kimi çıxış edir. İranın Azərbaycan sərhədinə yaxın ərazidə keçirdiyi hərbi təlimlər, ayrı-ayrı dövlət qurumlarının və məmurların təhdidləri ölkəmizə qarşı bədxah münasibətin açıq müstəviyə keçməsinin bariz sübutudur.
Tehran rejiminin insan haqları və beynəlxalq hüquqa zidd olan avtoritar idarəçiliyi iki aya yaxındır bu ölkədə səngiməyən kütləvi etirazlara səbəb olub. İran hakimiyyəti etirazçıların haqlı tələblərini yerinə yetirmək əvəzinə bütün ölkə boyunca zorakılığa və kütləvi repressiyalara rəvac verib. Minlərlə fəal həbs edilib, edam hökmləri çıxarılıb, dinc nümayiş iştirakçıları vəhşicəsinə qətlə yetirilib.
Rəsmi Tehran həmçinin Rusiyaya pilotsuz uçuş aparatları və ballistik raketlər verməklə rəsmi Moskvanın Ukraynaya qarşı hərbi cinayətlərinə şərik olmaqdadır.
Biz rəsmi Tehranın Azərbaycana qarşı təhdidlərinə son qoyulmasını; İranda etirazçılara qarşı qəddar davranışların durdurulmasını, etirazçıların tələblərinin yerinə yetirilməsini, bütün siyasi məhbusların dərhal azad edilməsini; İranda yaşayan soydaşlarımızın hüquqlarının tapdalanmasına son qoyulmasını tələb edirik.
Beynəlxalq birliyi İranda öz azadlıqları uğrunda mübarizə aparan xalqa real dəstək verməyə, avtoritar rejimin aradan qaldırılması üçün təsirli tədbirlər görməyə çağırırıq”.
Son vaxtlar Azərbaycan-İran münasibətləri gərginləşib. Bunun əsas səbəbləri İranın Azərbaycanla davamlı düşmənçilik siyasəti aparan Ermənistana dəstəyi, Azərbaycanın suverenliyinə qarşı rəsmi şəxslərin səsləndirdiyi təhdidlərdir. Dövlət Təhlükəsizliyi Xidməti noyabrın 1-də İran xüsusi xidmət orqanlarının Azərbaycanda yaratdığı qanunsuz silahlı birləşmənin, noyabrın 14-də casus şəbəkəsinin ifşa edildiyini açıqlayıb.
Sentyabrın 18-dən İranda davamlı etiraz aksiyaları keçirilir. Etirazlar gənc kürd qadın Məhsa Əmininin ölümündən sonra başlanıb. Sentyabrın 13-də əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Əmini üç gün sonra xəstəxanada dünyasını dəyişib. Çoxları gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.
1911-ci ildə yaradılan Müsavat 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub.
Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbərdir.
2014 və 2019-cu illərdə Arif Hacılı başqan seçilib.