Təhlükəsizlik mütəxəssisləri Çində yaşayan, eyni zamanda Çindən mühacirət edib başqa ölkələrə sığınmış uyğurların mobil telefonlarında casus proqramı aşkarlayıblar. Novator.az-ın məlumatına görə, bununla bağlı Böyük Britaniyanın “The Guardian” qəzetində məqalə dərc olunub.
Məqalədə mobil cihazların təhlükəsizliyi ilə məşğul olan “Lookout” şirkətinin hesabatına istinad edilib.
Hesabatda bildirilir ki, “Android” mobil cihazlarında uyğurlar üçün bir sıra əlavə tətbiqlər var. Bunlar əsasən məlumat mübadiləsi aparmaq, lüğətdən yararlanmaq və ibadət etmək istəyənlər üçün nəzərdə tutulmuş tətbiqlərdir. Lakin araşdırmalar göstərib ki, həmin tətbiqlərə casus proqramı yerləşdirilib.
Mütəxəssislərin “Badbazaar” alandırdığı casus proqramı vasitəsilə mobil telefon, o cümlədən telefonun yerləşdiyi məkan, Wi-Fi göstəriciləri, istifadəçinin kontaktları, zəng siyahısı haqda məlumat toplamaq, hətta telefon zənglərini yazıb dinləmək və fotoşəkil çəkmək mümkündür.
Mütəxəssislərin fikrincə, casus proqramını Çin hakimiyyətinin himayə etdiyi haker qrupları hazırlayıb.
“The Guardian” xatırladır ki, bu, Çin hökumətinin uyğurları müasir texnologiyalar vasitəsilə güdməsinə dair yeganə fakt deyil: “ABŞ Çinin müşahidə kameraları istehsal edən bəzi şirkətlərini insan hüquqlarını pozan qurumlar siyahısına salıb. Səbəb odur ki, həmin kameralardakı üztanıma texnologiyasından məxsusi olaraq uyğurları izləmək üçün istifadə edilir. Belə ki, milliyyətcə uyğur olan şəxs müşahidə kamerasına düşdükdə dərhal bu barədə məlumat mərkəzinə bildiriş göndərilir”.
Çin dövlətinin uyğurları ən müxtəlif yollarla, canlı və texnoloji müşahidələrlə kütləvi surətdə izləməsinin artıq sirr olmadığını, bu haqda çoxsaylı dəlil-sübutların əldə edildiyini yazan “The Guardian” qəzeti daha sonra xatırladır ki, uyğurlara qarşı repressiyaların heç bununla da çərçivələnmədiyi hamıya bəlli həqiqətdir: “Bu ilin avqustunda BMT-nin insan haqları üzrə ali komissarı Çinin Sincan bölgəsində uyğurlara qarşı ciddi hüquq pozuntularına yol verildiyi barədə hesabat yayıb. Hesabata əsasən, uyğurlara qarşı törədilən vəhşiliklər beynəlxalq cinayətlərlə, o cümlədən insanlığa qarşı cinayətlə eyniləşdirilə bilər”.
Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
ABŞ hökuməti, Böyük Britaniya, Kanada, Niderland, Belçika, Fransa, Litva, Çexiya və İrlandiya parlamentləri Çin hökumətinin uyğurlara qarşı hərəkətlərini soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirib.
Çindən qaçan uyğurların sayı milyonlarla ölçülür. Mühacir uyğurlar əsasən Mərkəzi Asiya dövlətlərində, Türkiyə və Səudiyyə Ərəbistanında məskunlaşıblar. Pakistan, Almaniya, Niderland, Belçika, Böyük Britaniya, Kanada, ABŞ, İsveçrə, Rusiya və Avstraliyada da xeyli uyğur sığınacaq tapıb.
Mənbə: Theguardian.com