Azərbaycana Rusiya hərbi kontingentinin yeridilməsindən iki il ötür. AXCP sədri Əli Kərimli yazır ki, 2020-ci il noyabrın 10-na keçən gecə imzalanmış bəyanatla Azərbaycana gətirilən Rusiya ordusu Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşünü dayandırdı, ölkənin qələbəsini oğurladı, Ermənistanı tam məğlubiyyətdən xilas etdi: “Rusiya Qarabağdan qaçmış erməniləri pul gücünə geri qaytardı, qondarma qurumun qaçıb dağılmış ordusunu bərpa etdi, Qarabağda birbaşa Rusiyaya bağlı işğal rejimi yaratdı.
Rusiya ordusu Qarabağı işğalda saxlaya bilməz, bilməməlidir. İşğalçı ordunun Qarabağdan çıxarılması xalqımızın ümumxalq tələbinə çevrilməlidir”.
Müstəqil siyasətçi Azər Qasımlı yazır ki, 2020-ci ilin savaşında Azərbaycan torpaqlarının böyük hissəsi işğaldan azad edilib, lakin ölkənin ərazi bütövlüyü bərpa edilməyib, başqa bir ölkənin əsgərləri sülhməramlı adı ilə ərazimizdədir: “Rusiyanın hərbi kontingenti torpağımıza basdırılmış mina kimidir, bizim gözləmədiyimiz, lakin onu basdıranlara sərf edən bir vaxtda partlayacaq.
Digər tərəfdən də Azərbaycan vətəndaşı nə Bakıda, nə də Qarabağda söz sahibidir. Əsl zəfər günü Azərbaycan vətəndaşı öz hakimiyyətini özü seçəndə və öz ölkəsində bərabərhüquqlu olanda olacaq! O zaman vətənimiz basdırılmış minalardan da qurtulacaq”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edib, Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Ermənistana gedən Laçın yolu separatçı rejimlə Rusiya hərbi kontingentinin nəzarətindədir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
2020-ci il noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla Azərbaycana yeridilən Rusiya hərbi kontingentinin qalma müddətinin 5 il olduğu açıqlanıb.