İsrailin “Yerusəlim Post” qəzeti türk alimlər Uğur Şahin və Özləm Türəcinin xərçəngə qarşı peyvənd hazırlamaq planından yazıb.
57 yaşlı Uğur Şahin və onun 55 yaşlı həyat yoldaşı Özləm Türəci Almaniyanın “BioNTech” şirkətinin sahibidirlər. Uğur Şahin “BioNTech”in baş direktoru, Özləm Türəci baş həkimidir.
Onlar 2020-ci ildə ABŞ-ın “Pfizer” şirkəti ilə əməkdaşlıq şəraitində COVİD-19 infeksiyası əleyhinə peyvənd hazırlayıblar. “Pfizer” şirkəti əsasən maliyyə-texniki işləri həyata keçirib. Peyvəndi hazırlayan, kəşf edən isə Uğur Şahin və Özləm Türəci cütlüyü, onların başçılığı altında çalışan alimlər qrupu olub.
Həmin peyvəndin adı mediada “Pfizer-BioNTech”, bəzən isə qısaca olaraq “Pfizer”, yaxud “BioNTech” kimi hallanır.
Novator.az-ın məlumatına görə, “Yerusəlim Post” yazır ki, Uğur Şahin və Özləm Türəci xərçəngin bir sıra növləri əleyhinə peyvənd üzərində işləyir, xəstələrin həyatını xilas edə biləcək üsulun mümkünlüyünə inanırlar.
Koronavirus infeksiyası ilə mübarizədə əldə etdikləri nailiyyətlərə əsaslanan Uğur Şahin xərçəngə qarşı peyvəndin 2030-cu ilədək bütün dünyada əlçatan olacağına əminliyini ifadə edib: “Məqsəd odur ki, pasiyentlər onkoloji əməliyyat keçirəndən dərhal sonra xərçəngə qarşı immunitet yaradacaq xüsusi peyvənd qəbul etsinlər. Peyvənd sayəsində orqanizm bədəndə əməliyyatdan sonra qalan xərçəng hüceyrələrini filtrdən keçirib zərərsizləşdirə, idealda isə xərçəng şişini tam aradan götürə bilər”.
Uğur Şahin deyib ki, xərçəng peyvəndi də “Pfizer-BioNTech” kimi mRNT texnologiyasına söykənəcək.
RNT ribonuklein turşusu, mRNT isə məlumat RNT-si deməkdir; mRNT ribonuklein turşusunun bir növüdür.
Uğur Şahin və Özləm Türəci koronavirus peyvəndi hazırlayarkən mRNT texnologiyasından immun reaksiyası yaratmaq üçün istifadə ediblər.
RNT – hüceyrədə informasiyanın genlərdən zülala ötürülməsi prosesidir; mRNT əsaslı peyvənd orqanizmə daxil edildikdə onun tərkibindəki məlumat RNT-si viruslu zülala çevrilir və insanın immun sistemi bu zülalı aşkarlayır. Nəticədə orqanizmdə viruslu zülallara cavab olaraq immun reaksiyası yaranır.
Peyvənd araşdırmaları sahəsində texnologiyanın bu növü yenidir, koronavirus pandemiyası dövründən başlayır.
“Yerusəlim Post” yazır ki, 2021-ci ilin yayında “BioNTech”in tədqiqatında könüllü iştirak edən pasiyentlərdən birinə xərçəng peyvəndinin ilk dozası vurulub: “Sınaqlar açıq şəkildə aparılır, yəni tədqiqatçılar və iştirakçılar hansı dərmanın eksperiment məqsədilə vurulduğunu dəqiq bilirlər. Hazırda sınaqlarda ümumilikdə 120 pasiyent iştirak edir. Eksperimental müalicənin təsiri tədqiqatın gedişi prosesində vaxtaşırı qiymətləndirilir. Sınaqların birinci mərhələsində əldə olunan nəticələr xərçəng peyvəndinin güclü və təhlükəsiz antitel formalaşdıracağına böyük ümidlər yaradır”.
“Yerusəlim Post” qeyd edir ki, əslində pandemiyaya qədər “BioNTech” şirkəti mRNT texnologiyası əsasında məhz xərçəng xəstəliyini müalicə etməyə çalışıb: “Uğur Şahinlə Özləm Türəci vaxtilə gənc həkim kimi onkologiya şöbəsində işləyiblər. Xəstələrə təklif edilən müalicə metodlarının effekt verməməsi Uğurla Özləmi çox məyus edib və bu məyusluq onlarda xərçəngi daha dərindən araşdırmağa stimul yaradıb.
Özləm Türəcinin sözlərinə görə, onların pandemiyadan qabaq bu istiqamətdə başlatdığı işlər pandemiya dövründə koronavirus əleyhinə peyvəndin sürətlə kəşf edilməsinə böyük töhfə verib. İndi isə koronavirus peyvəndi üzrə toplanmış təcrübə xərçəng peyvəndin kəşfini sürətləndirməkdədir”.
Uğur Şahin Türkiyənin İskəndərun şəhərində doğulub. 4 yaşında olanda ailəsi Almaniyanın Köln şəhərinə köçüb. Valideynləri orada “Ford Motor” şirkətinin fabrikində işləyiblər.
Uşaqlıqdan həkim olmaq istəyən Uğur Köln Universitetində tibb təhsili alıb. 1993-cü ildə bədxassəli şiş hüceyrələrinin immunoterapiyası üzrə apardığı tədqiqatla doktorluq dərəcəsinə yiyələnib.
Özləm Türəci İstanbuldan mühacirət etmiş türk həkimin qızıdır. Almaniyada doğulub.
Uğur Şahinlə Özləm Türəci karyeralarına başladıqları dövrdə tanış olublar.
Onlar əvvəllər Sürix Universitetində tədqiqatla məşğul olublar, həm də bu universitetdə dərs deyiblər. Uğur Şahin Sürix Universitetində Nobel mükafatı laureatı Rolf Zinkernagelin laboratoriyasında da çalışıb.
2001-ci ildə Uğur Şahin və Özləm Türəci “Ganymed Pharmaceuticals” adlı şirkət yaradıblar. Burada onlar monoklonal anticisimlərdən istifadə yolu ilə xərçəngin müalicəsi üçün dərman istehsal ediblər.
Bir neçə il sonra onlar xərçəngin müalicəsində daha geniş spektrli texnologiyadan, o cümlədən mRNT texnologiyasından istifadə etmək məqsədilə “BioNTech”in əsasını qoyublar.
2016-cı ildə Uğur Şahin və Özləm Türəci “Ganymed Pharmaceuticals” şirkərini 1,4 milyard dollara satıblar.
“BioNTech” koronavirus pandemiyasından öncə də sürətlə inkişafda olub, şirkətin büdcəsi yüz milyonlarla dollara qədər artıb.
2019-cu ildə “BioNTech” öz səhmlərinin bir hissəsini əhaliyə satıb. 2020-ci ilin payızında, yəni koronavirus pandemiyası dövründə “BioNTech”in bazar dəyəri 21 milyard dolları keçib. Bu da Uğur Şahin və Özləm Türəci cütlüyünün Almaniyanın ən varlı adamları sırasında olması deməkdir. Yəni onlar milyarderdirlər.
Hər iki milyarder yeniyetmə qızları ilə birlikdə ofislərinin yaxınlığındakı sadə bir mənzildə yaşayır. İşə velosipedlə gedib-gəlirlər.
Hazırda “BioNTech”in 1800-dən çox işçisi, Berlində və Almaniyanın digər şəhərlərində, eləcə də ABŞ-da ofisləri var.
Mənbə: Jpost.com