Milli Məclisin 5 noyabr iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi ilk oxunuşdan keçib. Novator.az bildirir ki, layihəyə görə, qanun Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir.
Tərəfdaşlığın prinsipləri layihədə belə sıralanır: qanunun aliliyi; azad rəqabətin qorunması; şəffaflıq və səmərəliliyin artırılması; iddiaçıların hüquq bərabərliyi; tərəflər arasında maraq və risk balansının qorunması.
Dövlət-özəl tərəfdaşlığı sahəsində səlahiyyətli orqanı icra hakimiyyəti orqanı müəyyən edir. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını hazırlayır və təsdiq edildikdən sonra hər il üzrə məlumat bazasında və özünün rəsmi internet səhifəsində yerləşdirir, habelə mediada dərc etdirir. Layihələr bu meyarlar nəzərə alınmaqla müəyyən edilir: layihənin əhəmiyyəti; layihənin maliyyə-iqtisadi səmərəliliyi; layihənin icrası zamanı yarana biləcək maliyyə riskləri və bu risklərin tərəflər arasında bölgüsü.
Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 ildir.
Tərəfdaşlığa dair müsabiqə bu mərhələlərdən ibarət olmaqla açıq formada keçirilir: müsabiqə barədə elanın verilməsi; müsabiqədə iştirakla bağlı müraciətlərin təqdim edilməsi; müsabiqədə iştirak üçün müraciət etmiş iddiaçıların ixtisas uyğunluğunun qiymətləndirilməsi; ixtisas uyğunluğundan keçmiş iddiaçılara müsabiqənin şərtlər toplusunun təqdim edilməsi, ixtisas uyğunluğundan keçməmiş iddiaçılara bu barədə yazılı bildirişin göndərilməsi; təqdim olunmuş layihə təkliflərinin qiymətləndirilməsi; müsabiqə qalibinin, həmçinin ikinci və üçüncü yeri tutmuş iddiaçıların seçilməsi.
Hər bir müsabiqə iştirakçısı eyni müsabiqəyə birdən çox layihə təklifi verə bilməz. İddiaçılar səlahiyyətli orqanın müsabiqənin təşkili və keçirilməsi ilə bağlı qərarlarından, hərəkətlərindən (və ya hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.