Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan noyabrın 4-də Ruben Vardanyanı “dövlət naziri” təyin edib. “Dövlət naziri” işğalçı rejimdə hökumət başçısı sayılır.
Novator.az bildirir ki, 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, Rusiyada sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir.
2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxdığını, Qarabağa köçdüyünü açıqlayıb, işğalçı rejimin təhlükəsizliyi və inkişafı üzrə cəbhə yaradıldığını vurğulayıb.
1988-ci il fevralın 13-də ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.
İşğalçı rejimdə 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.
Araik Arutunyan rəhbərliyə 2020-ci il mayın 21-də gəlib.