İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu Azərbaycan və Ermənistanın 2023-cü il büdcələrinin bəzi göstəricilərinə nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 646,4 milyon manat (380 milyon dollar) olacaq, bunun 480,9 milyon manatını (283 milyon dollar) Azərbaycanın dövlət büdcəsindən verilən dotasiya təşkil edəcək: “Ermənistan 2023-cü ilin dövlət büdcəsindən Qarabağın dağlıq hissəsindəki işğalçı rejimə 370 milyon dollar dotasiya ayırmağı nəzərdə tutur. Həmin ərazidə 100 min erməninin yaşadığını fərz etsək, hər adama 3700 dollar düşür. Həmin bölgəyə başqa xətlə olan yardımları bir kənara qoyaq.
2022-ci ilin yayına olan məlumata görə, Naxçıvanda 463,5 min nəfər yaşayır. Gələn il Azərbaycan büdcəsindən onlara adambaşına 610 dollar vəsait ayrılması nəzərdə tutulub. Onu da nəzərə alaq ki, Naxçıvana gedən pulun çox hissəsi korrupsiya qurbanı olur.
Rəsmi statistikaya əsasən, Naxçıvanda orta aylıq əməkhaqqı 595 manatdır, bu da ölkə üzrə orta aylıq əməkhaqqının 71,7 faizini təşkil edir. Naxçıvanda işsizlik səviyyəsi də ölkə üzrə orta göstəricidən yüksəkdir.
Bir məqamı da deyim: 2023-cü ildə Azərbaycanda 19,4 milyard dollar, Ermənistanda 6,4 milyard dollar büdcə xərcləməsi nəzərdə tutulur. Azərbaycanda büdcə xərci adambaşına 1900 dollar, Ermənistanda 2133 dollar təşkil edəcək”.