Noyabrın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan üzrə 3 qərar elan edəcək. Aihmaz.org xəbər verir ki, 82 ərizəçinin şikayətinə görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində əmlakları – ev, mənzil, torpaq, qeyri-yaşayış sahəsi – dövlət orqanlarının sərəncamları əsasında və ya sərəncam olmadan əllərindən alınıb, onların bəzilərinə pul və ya başqa əmlak verilib, bəzilərinə isə heç bir kompensasiya ödənməyib.
Şikayətçilər Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan mülkiyyət, səmərəli müdafiə, ədalətli məhkəmə araşdırması, fərdi şikayət hüquqlarına müdaxilə baş verdiyini iddia edirlər.
32 ərizəçinin şikayəti Bakıda Qış parkı kimi tanınan ərazinin yerində olmuş tikililərin, evlərin sökülməsi ilə bağlı yaranan mübahisələrlə əlaqəlidir. Ərizəçilər ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqlarına müdaxilədən şikayətlənib.
Elman Ağayev şikayətində pis rəftara məruz qaldığını, və bununla bağlı araşdırmanın səmərəli olmadığını bildirib. Ərizəçi 2015-ci ildə müxtəlif cinayətlərdə təqsirli sayılaraq həbs edilib. O, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozuntusu məsələsini qaldırıb.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.