Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovun Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr qərarından şikayətinə baxacaq. Novator.az-ın məlumatına görə, vəkil Bakını tərk etməmək məhdudiyyətinin ləğvini istəyir.
Ev dustağı olan Elçin Sadıqovun Azərbaycan ərazisində sərbəst hərəkətinə qadağa qoyulub. O, ev dustaqlığı ərazisinin paytaxt Bakıdan bütün Azərbaycan ərazisi ilə əvəzlənməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib, ancaq oktyabrın 24-də ərizəsi təmin olunmayıb. Vəkil bildirir ki, ev dustaqlığı barədə məhkəmə qərarlarının əksəriyyətində şəxslərə hansısa bölgəni yox, Azərbaycan ərazisini tərk etmək qadağan olunur: “Mənə tətbiq olunan məhdudiyyət vəkil kimi fəaliyyətimi buxovlayır. Həbsimdən əvvəl bölgələrdəki müvəkkillərimin də hüquqlarını müdafiə edirdim. Mənə paytaxt ərazisini tərk etmək qadağası qoymaqla həm də həmin şəxslərin müdafiə hüququnu pozurlar”.
2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olan Elçin Sadıqov əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb. O, sentyabrın 10-da, “Xural” internet televiziyasının qurucusu Əvəz Zeynallı ilə eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.
Rəsmi açıqlamaya görə, jurnalist 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. Sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.