Azərbaycanın İranla sərhədinə yaxın ərazilərində Xüsusi Təyinatlı Qüvvələrin təlimi başlayıb. Müdafiə Nazirliyinin 2 noyabr məlumatına görə, təlimə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev rəhbərlik edir.
Hərbi hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb, xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarılıb, komandirlərin məruzələri dinlənib, tapşırıqlar dəqiqləşdirilib, Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının hissə və bölmələri aerodromlara və rayonlara cəmləşdirilib, digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib.
Təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək.
Təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar keçirilir.