AZƏRTAC noyabrın 1-i Əlcəzair paytaxtına səfər edən prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının zirvə toplantısındakı çıxışının mətnini yayıb.
Dövlət başçısı Azərbaycanın Ərəb Dövlətləri Liqasına üzv dövlətlərlə çox yaxşı münasibətləri olduğunu deyib: “Əməkdaşlığımızın genişlənəcəyinə, yeni xarakter və yeni dinamika alacağına əminəm. Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk, aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk.
Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəstəyini hiss edirdik. Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməyib.
İki il əvvəl Azərbaycan torpaqlarımızın iyirmi faizinin otuz ilə yaxın davam edən işğalına son qoydu. Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədib.
BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi, lakin bu qətnamələr heç vaxt icra olunmadı. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, yolverilməzdir, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır.
İki il əvvəl Azərbaycan bu münaqişəyə son qoydu. Biz bunu öz gücümüzlə etdik. Biz BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. İndi isə bizim torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq.
Bəs qayıtdıqdan sonra biz nə gördük? On min kvadrat kilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilib, dağıdılıb – şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta bizim əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i tamamilə dağıdılıb. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür.
İndi isə biz şəhər və kəndlərimizi bərpa edirik. Biz bunu öz resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər”.