Siyasətçilər Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin oktyabrın 31-də Soçidə imzaladığı bəyanata münasibət bildirib.
Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, üçtərəfli görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiqlik təsdiqlənib, qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək razılığına gəlinib.
Sənəddə Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsi qeyd edilir, onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğu vurğulanır.
Razılaşmalar sırasında güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirəsi və həlli, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyi kimi məsələlər də yer alır.
Soçi zirvəsindən yazan AXCP sədri Əli Kərimli qeyd edir ki, böyük təhlükədən yayınmaq mümkün olub: “Soçi bəyanatında Qarabağdakı işğalçı ordunun mandatının uzadılmasından söhbət getmir. İlham Əliyev heç kimlə məsləhətləşmədən 10 noyabr 2020-ci razılaşması ilə Rusiya ordusunu Azərbaycana qaytardıqdan sonra xalqımız səksəkə içində yaşayır. Hakimiyyətin milli maraqlarımıza qarşı növbəti addımlar ata biləcəyindən hamımız narahatıq”.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, Soçı görüşündə Rusiya bir neçə məqsədinə çatıb, o cümlədən “sülhməramlıların” fəaliyyətinə hər iki tərəfin müsbət qiyməti verməsinə nail olub, onların gələcək fəaliyyətinə təminat alıb, Qərbə Azərbaycanın və Ermənistanın onun nəzarət dairəsində olduğunu nümayiş etdirib: “Azərbaycan və Ermənistan isə yenə də durduqları yerdə hərəkətsiz qaldılar. Çünki ortalıqda münaqişə tərəfləri üçün əməli nəticə yoxdur. Yekun bəyanatda Azərbaycanın qərb bölgəsindən Naxçıvana yol, erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılmasına dair bir kəlmə belə yoxdur”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edərək Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlar nəticəsində ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi, Ermənistana gedən Laçın yolu separatçı rejimlə Rusiya hərbi kontingentinin nəzarətindədir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
2020-ci il noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin birgə bəyanatı əsasında Yuxarı Qarabağa və Laçın yoluna yerləşdirilən Rusiya hərbi kontingentinin bölgədə qalma müddəti 5 ildir.
2020-ci il müharibəsindən sonra Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların əsas mövzusu bölgədə iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsidir.
İlham Əliyev və Nikol Paşinyan 2021-ci ildən başlayaraq 3 dəfə Rusiya prezidenti Vladimir Putinin, 5 dəfə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.