Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində əməliyyat keçirdiyi xəbəri yayılıb. Məlumata görə, saxlananlar var. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin də tutulduğu iddia olunur.
Novator.az bildirir ki, Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakıda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcələri əldə edib, həmçinin Mançester Biznes Məktəbində təhsil alıb.
Xarici İşlər Nazirliyində çalışıb, Azərbaycanın Belçikadakı səfirliyində xidmət edib, İslam İnkişaf Bankında müxtəlif vəzifələrdə işləyib, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində ticarət nümayəndəsi postunu tutub.
2020-ci ildə mədəniyyət nazirinin müşaviri, 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini təyin edilib.
2022-ci il oktyabrın 21-də prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 5 üzvdən ibarət Müşahidə Şurası yaradıb. Həmin gün dövlət başçısının sərəncamı ilə Müşahidə Şurasının tərkibi təsdiq edilib. Üzvlərdən biri Elnur Əliyevdir.