Əlcəzair səfərində olan prezident İlham Əliyev noyabrın 1-i ölkə paytaxtındakı Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib.
AZƏRTAC-ın arayışına görə, Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsinin hündürlüyü 92 metrdir.
Kolleksiyasının böyük hissəsi ölkənin işğalına və Fransa müstəmləkəçiliyinə qarşı 1830-1962-ci illərin xalq müqavimətinə həsr edilən Milli Mücahidlər Muzeyində rəsm əsərləri, əlcəzairli mücahidlərə aid silahlar, arxiv materialları və döyüş əşyaları, fotoşəkillər və sənədlər, həmçinin müqavimət dövründə fransızların xalq hərəkatı iştirakçılarını cəzalandırmaq üçün istifadə etdikləri edam alətləri nümayiş olunur. Fransa müstəmləkəçiliyinə qarşı hərəkata rəhbərlik etmiş Əmir Əbdülqadirin şəxsi əşyaları və silahları, onun portreti ən çox ziyarət olunan kolleksiyalar sırasındadır.
Muzeydə xalq hərəkatının 7 mindən çox iştirakçısının şahid ifadələri toplanıb.
Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub.
İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb: “Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda ən qürur verən səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir. Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”.
Həmin gün Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısı açılıb. İlham Əliyev açılış mərasimində fəxri qonaq statusunda iştirak edib.
Ərəb Dövlətləri Liqasını 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən yaradıb. Hazırda təşkilata 22 dövlət daxildir. Türkiyənin daimi müşahidəçi statusu var.
Qurumun mərkəzi qərargahı Misirin paytaxtı Qahirədə yerləşir.