Oktyabrın 27-si Moskvada, “Valday” beynəlxalq diskussiya klubunda çıxış edən Rusiya prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanması məsələsinə də toxunub. O qeyd edib ki, ABŞ-ın irəli sürdüyü sülh planı bütün Qarabağın Azərbaycanın suverenliyi altında olmasını nəzərdə tutur.
Dövlət başçısı Rusiyanın sülh planı barədə danışmasa da, həmin təklifdə Qarabağın “özəlliklərinin nəzərə alındığına” işarə vurub.
“Valday” beynəlxalq diskussiya klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib, ad da buradan götürülüb.
Novator.az bildirir ki, 1923-cü ildə Azərbaycanda Muxtar Dağlıq Qarabağ Vilayəti yaradılıb. 1936-cı ildə vilayətin rəsmi adı yenilənib: Dağlıq Qarabağ Muxtar Vilayəti.
1988-ci ilin fevralında Dağlıq Qarabağda (o zaman bölgə Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət idi) separatçı hərəkat başlayıb, vilayət rəhbərliyi muxtar vilayətin Ermənistana verilməsi tələbi qaldırıb.
1989-cu ilin yanvarında SSRİ hakimiyyəti Dağlıq Qarabağı Azərbaycanın idarəçiliyindən çıxararaq birbaşa Moskvaya bağlayıb, Xüsusi İdarəetmə Komitəsi yaradılıb.
Həmin ilin noyabrında Xüsusi İdarəetmə Komitəsi Azərbaycan xalq hərəkatının təzyiqləri nəticəsində ləğv edilib.
1989-cu ilin dekabrında Ermənistan Ali Sovetinin və özünü Dağlıq Qarabağ Milli Şurası adlandıran qurumun Dağlıq Qarabağın Ermənistana birləşdirlməsi barədə birgə qərarı çıxarılıb.
1990-1991-ci illərdə Dağlıq Qarabağ bölgəsi Bakının yaratdığı Respublika Təşkilat Komitəsi vasitəsilə idarə olunub.
1991-ci ilin sentyabrında Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, bunun ardınca müharibə alovlanıb. Noyabrda Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edib. Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert rayonu Ağdərə rayonu, Martuni rayonu Xocavənd rayonu adlandırılıb.
Xocalı rayonu yaradılıb, Əsgəran rayonu onun tərkibinə, Hadrut rayonu Xocavənd rayonunun tərkibinə verilib.
1992-ci ilin oktyabrında Azərbaycan parlamenti Ağdərə rayonunu ləğv edərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürüb.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən və onun ətrafındakı Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən ermənilərin əlinə keçib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı (Dağlıq) Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna yeridilən Rusiya hərbi kontingentinin qalma müddəti 5 ildir. Ağdam rayonunda qurulan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət edir.
2020-ci ildəki müharibəyə qədər sülh danışıqları Dağlıq Qarabağ ətrafındakı rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun referendumla müəyyənləşməsini nəzərdə tuturdu. Azərbaycan Dağlıq Qarabağa muxtar respublika statusu verməyi mümkün sayırdı. Hazırda Azərbaycanın rəsmi mövqeyi fərqlidir: status yoxdur, olmayacaq, Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında təmin ediləcək.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.
Azərbaycan həmçinin Ermənistanla münaqişəni dinc yolla nizamlamaq adı ilə yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina edir.
1992-ci il martın 24-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məclisinin (Təşkilatının) Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.
1994-cü ilin dekabrında ATƏT həmsədrlik institutu yaradıb. Minsk qrupunda həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.
1995-ci il yanvarın 6-dan ATƏT-in Minsk qrupuna Rusiyadan Vladimir Kazimirov, İsveçdən Yan Eliasson həmsədrlik ediblər. Bir müddətdən sonra Yan Eliassonun yerinə finlandiyalı Rine Niberq keçib.
1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi Jak Blo həmsədr təyin olunub. 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ. Bu ölkədən Stroub Telbott Minsk qrupuna həmsədr gətirilib.
1997-ci ildən sonra Minsk qrupunda Rusiyadan Valentin Lozinski, Yuri Yukalov, İqor Studennikov, Nikolay Qribkov, Yuri Merzlyakov, İqor Popov; Fransadan Jorj Vojye, Jan Jak Qayard, Filip de Sürmen, Anri Jakole, Bernar Fasye, Jak For, Pyer Andriyo; ABŞ-dan Cozef Pressel, Linn Pasko, Donald Kayzer, Kerri Kavano, Rudolf Perina, Stiven Mənn, Metyu Brayza, Robert Bradtke, Ceyms Uorlik, Riçard Hoqland, Endrü Skofer, Lora Okla həmsədr olublar.
Hazırda Minsk qrupuna Rusiyadan İqor Xovayev, Fransadan Bris Rokfey, ABŞ-dan Filip Riker həmsədrlik edir.
Qrupda Rusiya, Fransa, ABŞ, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alır.