Jurnalist Mehman Əliyevin 65 yaşı tamam olub. Təbrik yayan AXCP sədri Əli Kərimli qeyd edir ki, Mehman Əliyev Azərbaycanda azad mətbuatın yaradıcılarından, ən tanınmış təmsilçilərindən biridir: “Həsən bəy Zərdabi yolunun davamçısı olan Mehman bəy 32 il öncə “Turan” informasiya agentliyini yaradıb. Bu 32 ildə “Turan”ı ayaqda saxlamaq və müstəqilliyini qorumaq üçün olmazın əziyyətini çəkib.
Mehman Əliyev ölkənin nüfuzlu ictimai-siyasi xadimlərindən biridir, hər zaman ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.
Azad fikirli, azad sözlü, demokratik düşərgənin əsas təmsilçilərindən biri, azadlıqlardan yana olması indiki repressiv şəraitdə Mehman bəyə xeyli çətinliklər yaradıb, bir müddət siyasi məhbus həyatı da yaşayıb. Ancaq Mehman bəy doğru hesab etdiyi yoldan dönməyib. Çətinliklə də olsa, hər zaman rəhbərlik etdiyi “Turan” informasiya agentliyinin və özünün müstəqilliyini qoruyub saxlayıb.
Hörmətli Mehman bəyi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, xoşbəxtlik, bütün arzularını gerçəkləşdirə bilməsini arzulayıram”.
Novator.az bildirir ki, 1957-ci il oktyabrın 26-da doğulan Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb.
1990-cı ildən “Turan” informasiya agentliyinin direktorudur.
Mehman Əliyev 2017-ci il avqustun 24-də qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib, sentyabrın 11-də başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə azadlığa buraxılıb, oktyabrın 30-da cinayət işi xətm olunub.