2023-cü ilin büdcə zərfi Milli Məclisə təqdim olunub. Novator.az-ın məlumatına görə, büdcə sənədlərinə nəzər salan iqtisadçı Rövşən Ağayev yazır ki, 2023-cü ildə aylıq rəsmi maaşı 8000 manatı ötən şəxslərin hesabına dövlət büdcəsinə 91 milyon manat gəlir vergisi nəzərdə tutulur: “Vergi Məcəlləsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid vergi ödəyicilərində işləyən fiziki şəxslərin aylıq maaşının 8000 manatdan artıq hissəsindən 14 faiz dərəcəsi ilə vergi tutulur.
Ölkədə bu gəlir kateqoriyasına aid nə qədər şəxs var? Rəsmi statistika hər hansı bilgi vermir. Bu gəlir qrupu üzrə aylıq orta maaş 15000 manat ətrafında olsa, 7500-8000 nəfərdən söhbət gedir. Güman ki, bu səviyyədə əməkhaqqı yalnız maliyyə, özəl səhiyyə, neft və informasiya texnologiyaları kimi sektorlarda mümkündür.
Belə yüksək əməkhaqqı məbləği rəsmi statistikanın gəlir bərabərsizliyi ilə bağlı göstəricilərini kölgədə qoyur. Minimum maaşla ən yüksək məvaciblər arasında fərqin az qala 40 dəfəyə çatdığı ölkədə rəsmi statistikanın aşağı və yuxarı qrupların gəlirləri arasında fərqi 3-4 dəfə göstərməsi absurddur”.
Azərbaycanda minimum aylıq əməkhaqqı 300 manatdır. Dövlət Statistika Komitəsi 2022-ci il sentyabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 829 manat göstərib.