Oktyabrın 31-i Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçirilməlidir. Novator.az-ın məlumatına görə, görüş təşəbbüsünün Rusiyadan gəldiyini vurğulayan AXCP sədri Əli Kərimli yazır ki, prezident Putinin əsas məqsədi Avropa İttifaqının vasitəçiliyi ilə aparılan sülh danışıqlarını pozmaqdır: “Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanması ehtimalından çox narahat olduğunu gizlətmir. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıq deyib: “Cənubi Qafqazda sürət kəsb edən həyəcanlı meyillər bizi narahat etməyə bilməz”
Nə imiş Rusiyanı narahat edən həyəcanlı meyillər? Rusiya həyəcanlanır ki, Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa hazırlaşır. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımaq şərti ilə Rusiyanın 30 il öncə başlatdığı bu mənasız savaşı bitirmək istəyir. Bu məqamda da Rusiya həyəcanlanıb sülhməramlı maskasını düşürüb. Utanmadan, Azərbaycan və erməni xalqının nifrətindən ehtiyatlanmadan etiraf edirlər ki, Cənubi Qafqazda sülh yaranması ehtimalı onları narahat edir. Onlar regiona daimi müharibə arzulayırlar. Arzulayırlar ki, Azərbaycanın ayrılmaz parçası olan Qarabağı daimi işğal altında saxlasınlar, Azərbaycanla Ermənistan isə əbədi olaraq bir-biri ilə vuruşsun”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edərək Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlar nəticəsində ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi separatçı rejimin, Ermənistana gedən Laçın yolu Rusiya hərbi kontingentinin nəzarətindədir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Hazırda sülh müqaviləsi hazırlanır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 6-sı Praqada görüşüblər. Görüşün sonunda qəbul edilmiş bəyanatda qeyd olunub ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır.