Rövşən Rüstəmov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad olunaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Prezident İlham Əliyev sərəncamları oktyabrın 26-da imzalayıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri postu 2022-ci il mayın 24-dən boş idi. Həmin gün sədr vəzifəsindən çıxarılan Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini postuna təyinat alıb.
1980-ci il təvəllüdlü Rövşən Mürvət oğlu Rüstəmov iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyətinə 2002-ci ildə jurnalist kimi başlayıb. 2004-cü ilin iyul ayından “Azərpoçt” MMC-də iqtisadçı, şöbə müdirinin müavini, şöbə müdiri, “Azərkosmos” ASC-də korporativ idarəetmə üzrə baş mütəxəssis, korporativ idarəetmə üzrə müşavir, “Azərkosmos”un sədr müavini vəzifələrində çalışıb. 2021-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (sonradan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) nazir müavini olub.