Oktyabrın 24-ü parlamentdə bir çox partiya rəhbərinin iştirakı ilə ictimai dinləmə keçirilib. “Siyasi partiyalar haqqında” yeni qanun təşəbbüsünə həsr olunmuş müzakirəyə qatılan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, layihədə siyasi partiyaların təsis olunması, dövlət qeydiyyatına alınması şərtləri qüvvədə olan qanuna nisbətən qat-qat ağırlaşır, siyasi partiyaların fəaliyyətinin dayandırılması və ləğvi asanlaşır, siyasi partiyaların fəaliyyətinə total dövlət (hakimiyyət) nəzarət mexanizmi yaradılır, dövlət qeydiyyatında olmayan siyasi partiyanın fəaliyyəti yasaqlanır, mövcud partiyalar ağır şərtlərlə yenidən qeydiyyata məcbur edilir.
Siyasətçinin fikrincə, “Siyasi partiyalar haqqında” qanunun dərc edilən layihədəki fəlsəfə, ruh və məzmunda qəbulunun ağır nəticələri ola bilər: “Ölkə daxilində siyasi partiyaların yaradılması və fəaliyyəti üçün azad, əlverişli şərait olmayacaqsa, əksinə, qadağa, basqı, təqib, təzyiq mühiti olacaqsa, o halda siyasi fəaliyyətin qeyri-siyasi partiya formaları rəvac tapacaq, qeyri-formal, o cümlədən xaricdə təsis edilən siyasi partiyalar yaranacaq, bu da daxildə virtual təşkilatlanma ilə müşahidə olunacaq.
Bu cür qanunun qəbulu və icraata yönəldilib hakimiyyətin kursunu tənqid edən siyasi partiyalara qarşı istifadəsi Azərbaycana qarşı insan hüquq və azadlıqları, demokratikləşmə problemləri şüarları ilə iş aparan dairələrə əlavə dəlil verəcək, onlarını əlini gücləndirəcək”.
1957-ci il təvəllüdlü Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Azərbaycan Xalq Partiyası 1999-cu ildə dövlət qeydiyyatına alınıb.
Novator.az bildirir ki, Milli Məclisdə hazırlanıb sentyabrın 7-də açıqlanan siyasi partiyalar qanunu layihəsinə görə, partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.
Partiyanı Azərbaycanda son 20 il daimi yaşayan azı 200 vətəndaşı təsis etməli, sədr və sədr müavinləri yalnız Azərbaycan ərazisində son 20 il daimi yaşayan partiyanın üzvləri sırasından seçilməlidir.
Layihəyə əsasən, apellyasiya məhkəməsi icra hakimiyyəti orqanının iddiası əsasında partiyanın fəaliyyətini bir il müddətinə dayandıra, partiya parlament, prezident və ya bələdiyyə seçkilərində ardıcıl iki dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə apellyasiya məhkəməsində iddia qaldırılıb qurumun ləğvi istənə bilər.
1992-ci ildə qəbul edilmiş indiki qanuna görə, siyasi partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Yeni layihə dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmasına hökm edir. Yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiyalar 90 gün müddətində üzvlərinin sayını 10000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb icra hakimiyyəti orqanına təqdim etməlidir. Əks halda partiyanın ləğvi üçün məhkəmə iddiası qaldırıla bilər.
Partiyaların yeni qanunu: layihə dərc edildi
“Siyasi partiyalar haqqında” qanun (Layihə)
“Ölkədə elə bir müxalifət var ki…”