“Şuşa” qəzetinin 90 yaşı tamam olur. 1932-ci ildə qurulan qəzet əvvəllər “Sosializm maldarçılığı”, “Sosializm maldarlığı”, “Kolxoz bayrağı”, “Şuşa kurortu” adları daşıyıb. 1992-ci ildən Bakıda nəşr olunur. Hazırda “Şuşa” ayda iki dəfə işıq üzü görür.
2005-ci ildən “Şuşa” qəzetinə Vasif Quliyev redaktorluq edir. 1954-cü il yanvarın 17-də Şuşanın Malıbəyli kəndində doğulan Vasif Quliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Yazıçı-publisist, tərcüməçi, naşirdir. “Şuşa” nəşriyyatının direktoru, “Günəş” jurnalının baş redaktorudur.
1982-1984-cü illərdə Azərbaycan Televiziyası və Radiosu ilə əməkdaşlıq edib, sonradan “Pioner” (indiki “Günəş”) jurnalında işləyib.
İlk yazıları 1973-cü ildə “Şuşa” qəzetində dərc olunub, sonralar bir çox qəzet və jurnalda (“Kommunist”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Bakı”, “Bakinski raboçi”, “Vışka”, “Molodyoj Azerbaydjana”, “Ulduz”, “Qobustan”, “Mədəni-maarif”, “Azərbaycan təbiəti” və s.) çıxış edib.
1992-ci ildə “Şuşa” nəşriyyatını yaradıb, Azərbaycanın, əsas da Qarabağın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, etnoqrafiyasına aid onlarca kitab nəşr edib, yüzlərlə kitabın redaktoru, tərtibçisi və rəyçisi olub.
Bir neçə kitabı ruscadan Azərbaycan dilinə tərcümə edən Vasif Quliyev “Ucalığa gedən yol”, “Maarif fədaisi”, “Enək İsa bulağına…”, “Əgər şuşalısansa…”, “Vətən bağı al-əlvandır”, “Dünənə uzanan cığır”, “Ən yaxın dost”, “Ötən günlərimi qaytaraydılar”, “Mənim babam kim olub?”, “Biz gedəsiyik, dünya qalası…”, “180 yaşlı Şuşa məktəbi”, “Yad et məni”, “Bülbülcan” (Azərbaycan və gürcü dillərində), “İgidlərin sayı çoxdur bu yerdə”, “Mehmandarovlar” (Azərbaycan və rus dillərində) kitablarının müəllifidir.