Çində Si Cinpin dövrü davam edir. Oktyabrın 23-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu onu üçüncü müddətə baş katib və Mərkəzi Hərbi Şuranın sədri (ali baş komandan) seçib. Mərkəzi Komitə oktyabrın 22-də başa çatmış 20-ci qurultaydan sonra ilk dəfə toplanmışdı.
Novator.az bildirir ki, 1953-cü il təvəllüdlü Si Cinpin 2012 və 2017-ci illərdə partiya lideri, 2013 və 2018-ci illərdə Çin Xalq Respublikasının sədri – dövlət başçısı seçilib.
Çin Xalq Respublikasının sədrini seçmək Xalq Nümayəndələri Yığıncağının (parlament) səlahiyyətindədir. Parlament 11 mart 2018-ci ildə eyni şəxsin iki müddətdən artıq dövlət başçısı seçilməsinə məhdudiyyəti götürüb.
Çin Xalq Respublikası 1949-cu ildə qurulub. Kommunist Partiyası Çində yeganə partiyadır, ölkənin idarəçiliyinə məsuldur.