Daxili İşlər Nazirliyinin Polis Akademiyasının dövlət və hüquq nəzəriyyəsi kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Cəmşid Quliyevin “Beynəlxalq təhlükəsizlik hüququ” adlı yeni monoqrafiyası çapdan çıxıb.
Monoqrafiya hüquq mühafizə orqanlarının əməkdaşları, hüquq fakültələrinin tələbə və müəllim heyəti, habelə hüquq ictimaiyyəti üçün nəzərdə tutulub.
Monoqrafiyanı yazarkən müəllif böyük nəzəri, empirik və normativ mənbələr siyahısını dərindən mütailə edib. Monoqrafiyada beynəlxalq təhlükəsizlik hüququ sahəsində dünya səviyyəsində tanınmış alimlərdən Z.Bjezinski, R.Koen, A.N.Vileqjanina, İ.Lekaşin, E.Skakunov və başqalarının əsərləri ətraflı şəkildə şərh olunub.
Müəllif öz elmi əsərində beynəlxalq təhlükəsizlik hüququnun ümumnəzəri aspektləri, inkişaf tendensiyaları, sistemi məsələlərinə xüsusi yer ayırıb.
Polis Akademiyasının dövlət və hüquq nəzəriyyəsi kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ceyhun Süleymanov monoqrafiyaya yazdığı ön sözdə bildirib ki, Cəmşid Quliyev uzun illərdir Azərbaycanın hüquq elminə müasir dövrümüzün aktual problemlərini əhatə edən dəyərli elmi-tədqiqat əsərləri ilə əvəzsiz töhfələr verir: “Ölkəmizdə beynəlxalq təhlükəsizlik hüququnun ayrı-ayrı aspektlərini tədqiq edən dəyərli əsərlərin olmasına baxmayaraq, Cəmşid Quliyevin monoqrafiyası beynəlxalq təhlükəsizlik hüququ mövzusunu kompleks şəkildə xarakterizə edən monoqrafik əsərdir”.
Ceyhun Süleymanov qeyd edib ki, Cəmşid Quliyev öz monoqrafiyasında yalnız ortaya qoyduğu sualların interpretasiyası ilə kifayətlənməyib: “O, eyni zamanda bu sahədə mövcud olan boşluq və kolliziyaları aradan qaldırmaq məqsədilə dəyərli tövsiyələr verib”.
Cəmşid Quliyev 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.
1999-2007-ci illərdə Müstəqil Azərbaycan Universitetinin hüquq və beynəlxalq münasibətlər fakültəsinin dekanı vəzifəsində çalışıb.
2001-ci ildə “Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquq” adlı dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2012-ci ildən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının dövlət və hüquq nəzəriyyəsi kafedrasının müəllimi olan Cəmşid Quliyev 4 monoqrafiya, metodik vəsait, tədris proqramlarının və 40-dan çox elmi məqalənin müəllifidir.