Oktyabrın 24-də bir qrup AXCP üzvü və başqa fəallar paytaxtın İstiqlaliyyət küçəsində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları toplaşmağa imkan verməyib, bir çox aksiyaçını saxlayıb.
AXCP fəallarının bir hissəsi saat 16-ya təyin olunmuş aksiyadan əvvəl, səhər saatlarında tutulub.
Paytaxt rəhbərliyinə müraciətdə AXCP rəsmiləri Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək istədiyini bəyan edib. Aksiyanın əsas tələbi kimi sərbəst toplaşmaq azadlığının təmin edilməsi göstərilib, sosial və siyasi yönlü başqa tələblərin də qoyulacağı vurğulanıb.
Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq verməyib, qeyd edib ki, piket üçün seçilən ərazi təhsil müəssisələrinə, metro çıxışına, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yola yaxındır, orada toplantı insanların sərbəst hərəkətinə, təhlükəsizliyin təmin edilməsinə çətinliklər yarada bilər. Ancaq AXCP aksiya qərarını qüvvədə saxlayıb.