Avropanın futbol qurumu UEFA-nın klub turnirlərində 2023-2024 mövsümünün ilkin sxemi bəlli olub. Novator.az bildirir ki, mövsümə 54 UEFA üzvünün (Rusiya yarışlardan kənardır) 235 komandasını buraxmaq, 79 komandanın Çempionlar Liqasında, 21 komandanın Avropa Liqasında, 135 komandanın Konfrans Liqasında start götürməsi nəzərdə tutulur.
Çempionlar Liqasında beş ələmə mərhələsi var.
İslandiya, Monteneqro, Andorra, San Marino çempionları yarışa ilkin mərhələdən başlayır.
Birinci mərhələyə Türkiyə, Kipr, İsrail, İsveç, Bolqarıstan, Rumıniya, Azərbaycan, Macarıstan, Polşa, Qazaxıstan, Slovakiya, Sloveniya, Belarus, Moldova, Litva, Bosniya, Finlandiya, Lüksemburq, Latviya, Kosovo, İrlandiya, Ermənistan, Şimali İrlandiya, Albaniya, Farer adaları, Estoniya, Malta, Gürcüstan, Şimali Makedoniya, Uels, Cəbəllütariq çempionları buraxılır.
İkinci mərhələnin çempionlar yolunda Çexiya, Norveç, Danimarka, Xorvatiya təmsilçiləri, liqalar yolunda Ukrayna, Belçika, İsveçrə, Yunanıstan çempionatlarının gümüş mükafatçıları yer alır.
Üçüncü mərhələnin çempionlar yolunda İsveçrə, Yunanıstan təmsilçiləri, liqalar yolunda Fransa, Portuqaliya çempionatlarının bürünc, Niderland, Avstriya, Şotlandiya, Serbiya çempionatlarının gümüş mükafatçıları qərar tutur.
Ukrayna, Belçika çempionları turnirə dördüncü mərhələdən qoşulur.
İngiltərə, İspaniya, İtaliya, Almaniya çempionatlarında 1-4-cü yerləri, Fransa, Portuqaliya çempionatlarında ilk iki yeri tutan komandalar, Niderland, Avstriya, Şotlandiya, Serbiya çempionları birbaşa qrup mərhələsinə vəsiqə alır.
Azərbaycan çempionatının gümüş və bürünc mükafatçıları, ölkə kubokunun sahibi Konfrans Liqasında yarışacaq, turnirə ikinci mərhələdən qoşulacaq.