Oktyabrın 21-də prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə bağlı fərman imzalayıb. Sənədə görə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Üzvlərin təyinatı prezidentin səlahiyyətindədir. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin etdiyi icraçı direktor həyata keçirəcək. İcraçı direktorun iki müavini olacaq.
Dövlət başçısının 21 oktyabr sərəncamı ilə Müşahidə Şurasının tərkibi təsdiq edilib: Aydın Kərimov – prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi (sədr), Elnur Əliyev – iqtisadiyyat nazirinin birinci müavini, Elnur Əliyev – mədəniyyət nazirinin birinci müavini, Namiq Hümmətov – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, Azadə Hüseynova – Dövlət Turizm Agentliyi sədrinin müavini (üzvlər).
Əsası 1750-ci ildə qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Qarabağda rayon mərkəzi olub.
1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib.
2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.
2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.
2021-ci il yanvarın 27-də Aydın Kərimov prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub, mayın 7-də Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib, iyunun 22-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb, iyulun 16-da Məftun Abbasov qurumun İdarə Heyətinin sədri postuna təyinat alıb.
Şuşa rayonu Şuşa şəhərindən, 1 qəsəbə və 37 kənddən ibarətdir. Hazırda Şuşanın Daşaltı kəndi də Azərbaycanın nəzarətindədir. 36 kənd və Turşsu qəsəbəsi işğalda və bölgədə atəşkəsə məsul olan Rusiya sülhməramlılarının əlindədir.