Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Azərbaycana 20 oktyabr səfərində yer almış nümayəndə heyətinin üç üzvü – hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzxan Dəmirçi Cəbrayıldan Zəngilana gedərkən avtomobil qəzasına düşüblər. Onlar dərhal vertolyotla Bakıya, Mərkəzi Klinik Xəstəxanaya çatdırılıblar.
AZƏRTAC prezident İlham Əliyevin oktyabrın 21-də Mərkəzi Klinik Xəstəxanaya baş çəkdiyini xəbər verir. Dövlət başçısının xəsarət alanlarla söhbət etdiyi, şəfa dilədiyi bildirilir.
Həmin gün hər üç şəxs Türkiyəyə yola salınıb.
Binəli Yıldırım 1955-ci ildə doğulub. Rəcəb Teyyub Ərdoğanın sədrlik etdiyi Ədalət və İnkişaf Partiyasının qurucularındandır. Hökumətdə müxtəlif məsul postlar tutub, 2016-2018-ci illərdə baş nazir, 2018-2019-cu illərdə parlament sədri olub.