Baş Prokurorluq jurnalist Xədicə İsmayılın şikayəti əsasında cinayət araşdırmasını bərpa edib. Aihmaz.org qərarın oktyabrın 10-da qəbul olunduğunu xəbər verir.
2012-ci ildə jurnalistin yaşadığı mənzildə gizli çəkilmiş, şəxsi həyatını əks etdirən videolent yayılıb. Jurnalistin şəxsi həyatın toxunulmazlığının pozulmasından şikayəti əsasında qaldırılan cinayət işi üzrə icraat 17 avqust 2015-ci ildə dayandırılıb. Avropa İnsan Hüquqları Məhkəməsi Xədicə İsmayılın Azərbaycan dövlətindən müxtəlif şikayətlərini haqlı sayan qərarlar çıxarıb.
2022-ci il iyunun 8-10-da Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının icra durumunu müzakirə edib. Xədicə İsmayılın işi çərçivəsində Avropa Məhkəməsinin iki qərarının icrasına nəzarət edilir. Həmin qərarlar Xədicə İsmayılın şəxsi həyatın toxunulmazlığı və ifadə azadlığı hüquqlarının pozuntusu ilə bağlıdır. Nazirlər Komitəsinin qətnaməsində qeyd olunub ki, Azərbaycan dövləti Xədicə İsmayılın məruz qaldığı cinayətlərin istintaqını yeniləməli, cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün bütün addımları atmalıdır.
Novator.az bildirir ki, 1976-cı il təvəllüdlü Xədicə İsmayıl jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyib. 2008-2010-cu illərdə radionun Bakı bürosuna rəhbərlik edib. O, 2014-cü il dekabrın 5-dən həbsdə olub. Vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı, şərti məhkumluqla azadlığa buraxılıb.
Xədicə İsmayıl hazırda Toplum.tv-nin redaktorudur.