Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsinin yanvar-sentyabr aylarında necə icra olunduğunu açıqlayıb.
Hesabata görə, doqquz ayda büdcənin mədaxili 22 milyard 401,4 milyon manat, xərcləri 20 milyard 470,7 milyon manat olub, 1 milyard 930,7 milyon manat artıqlıq yaranıb.
Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 10 milyard 451,4 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 4 milyard 227,5 milyon manat gəlib.
Büdcədən maliyyələşən idarə və təşkilatların iş və xidmətlərindən gəlir 580,8 milyon manat göstərilir.
Məqsədli büdcə fondlarının vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 183,3 milyon manat təşkil edib.
Sair daxilolmalar 416,4 milyon manatdır.
Dövlət Neft Fondundan büdcəyə 6 milyard 542 milyon manat köçürülüb.
Büdcə xərclərinin 61,9 faizi cari xərclərə, 32,3 faizi əsaslı xərclərə, 5,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə sərf olunub.
Novator.az bildirir ki, 2022-ci ilin dövlət büdcəsində 29 milyard 197,8 milyon manat gəlir, 32 milyard 303,8 milyon manat xərc nəzərdə tutulub.