AXCP Bakının mərkəzində aksiya keçirmək qərarını qüvvədə saxlayıb.
Novator.az-ın məlumatına görə, partiya rəsmiləri paytaxt rəhbərliyinə müraciətdə oktyabrın 24-ü saat 16-da İstiqlaliyyət küçəsində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək istədiyini bəyan edib. Aksiyanın əsas tələbi kimi sərbəst toplaşmaq azadlığının təmin edilməsi göstərilib, sosial və siyasi yönlü başqa tələblərin də qoyulacağı vurğulanıb.
Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq verməyib. Cəbhəçilərə oktyabrın 19-da göndərilmiş cavab məktubunda qeyd olunub ki, piket üçün seçilən ərazi təhsil müəssisələrinə, metro çıxışına, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yola yaxındır, orada toplantı insanların sərbəst hərəkətinə, təhlükəsizliyin təmin edilməsinə ciddi çətinliklər yarada bilər.
Oktyabrın 21-də AXCP-nin aksiya qərarını qüvvədə saxladığı açıqlanıb.
AXCP üzvləri və başqa fəallar sentyabrın 30-da Milli Məclisin binası qarşısında aksiya keçirməyə cəhd göstərmiş, polis əməkdaşları həmin gün xeyli şəxsi tutmuşdu. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətində AXCP siyasi və sosial tələbli piketə şərait yaradılmasını istəmiş, paytaxt hakimiyyəti aksiyanı məqsədəuyğun saymamışdı.