Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan oktyabrın 20-də Azərbaycana rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, ali qonaq yeni aeroportda – Zəngilan Beynəlxalq Hava Limanında qarşılanıb. O, Azərbaycan prezidenti İlham Əliyevlə birgə aeroportun açılış mərasiminə qatılıb.
Zəngilan aeroportu işğaldan azad olunan ərazilərdə istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur.
Füzulidə hava limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilib.
Üçüncü hava limanı Laçın rayonunun ərazisində inşa olunur.
Rəsmi arayışa görə, Zəngilan Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni 60 metrdir. Aeroport bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edə bilər.
Perronun sahəsi 60 min kvadratmetrdir.
Terminal saatda 200 sərnişinə xidmət göstərmək imkanındadır, orada VİP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları var.
Aeroportda hava hərəkətini idarəetmə qülləsi tikilib.
Uçuşların təhlükəsizliyi üçün İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib.
Hava limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev və Rəcəb Teyyub Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Orada konsert proqramı təqdim olunub. Prezidentlər tədbirdə çıxış ediblər.
Sonra İlham Əliyev və Rəcəb Teyyub Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Həmçinin Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməli qoyulub, əraziyə 15 baş ceyran buraxılıb.