Oktyabrın 19-da Rusiya prezidenti Vladimir Putin Ukraynadan qoparılmış Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyət elan edib.
Dövlət başçısı 7 bölgədə (Ukraynadan ilhaq olunmuş Krım bölgəsi, Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətləri) xüsusi vəziyyətin tətbiqinə, ölkənin başqa yerlərində, o cümlədən paytaxt Moskvada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə də qərar verib.
Novator.az bildirir ki, Rusiya qanunvericiliyinə əsasən, hərbi vəziyyət xarici təcavüz zamanı, yaxud belə bir təhdidin ciddiləşdiyi dövrdə tətbiq edilir.
Hərbi vəziyyətin daxili təhlükələr, məsələn, dövlət çevrilişinə cəhd, iğtişaşlar, yaxud böyük qəzalar zamanı tətbiq edilən fövqəladə vəziyyətdən fərqi də bundadır.
Hərbi vəziyyət xüsusi hüquqi rejim kimi müharibə vəziyyətindən də fərqlənir. Rusiya qanunvericiliyinə görə, müharibə vəziyyəti müharibə zamanı tətbiq oluna bilər.
Vladimir Putin bu il fevralın 24-dən Ukraynaya hərbi təcavüzünü müharibə yox, xüsusi hərbi əməliyyat adlandırır.
Rusiya qanunvericiliyi prezidentin hərbi vəziyyət barədə qərarının dərhal rəsmi mənbədə dərc olunmasını, radio və televiziya ilə ictimaiyyətin diqqətinə çatdırılmasını və 48 saat ərzində parlamentin yuxarı palatasında – Federasiya Şurasında təsdiqlənməsini nəzərdə tutur.
Ukraynadan qoparılan dörd bölgədə hərbi vəziyyətdən irəli gələn konkret hansı tədbirlərin görüləcəyi hələ tam aydın deyil.
Rusiya qanunvericiliyi hərbi vəziyyət zamanı səyahətlərin, ictimai toplantıların, nümayişlərin, söz və mətbuat azadlığının məhdudlaşdırılmasına, hüquq mühafizə orqanlarının səlahiyyətlərinin artırılmasına, komendant saatının tətbiqinə, əhalinin və mühüm obyektlərin köçürülməsinə imkan verir.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.
Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.
Sentyabrın 23-dən 27-dək işğalçı rejimlərdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.
Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.
Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb.
Müqavilələr oktyabrın 2-də Konstitusiya Məhkəməsindən müsbət cavab alıb, oktyabrın 3-də parlamentin aşağı palatasında (Dövlət Duması), oktyabrın 4-də yuxarı palatasında (Federasiya Şurası) təsdiqlənib, müvafiq qanun layihələri qəbul edilib.
Rusiya prezidenti oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan sənədlər paketini imzalayıb.