Demokratik Qüvvələrin Milli Şurası Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevlə bağlı bəyanat yayıb.
Ukrayna vətəndaşı olan Elxan Nuriyev oktyabrın 2-si Polşada tutulub. Onun Azərbaycanda qəsdən adam öldürmə və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə beynəlxalq axtarışda olduğu açıqlanıb.
Milli Şura hesab edir ki, Elxan Nuriyev siyasi motivli qərar əsasında saxlanıb: “Milli azadlıq hərəkatının fəal iştirakçısı, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü iştirak etmiş, Əbülfəz Elçibəyin prezidentliyi dövründə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Elxan Nuriyev Polşada Azərbaycanın tələbi əsasında, İnterpol xətti ilə saxlanıb. Ona qarşı ittiham tamamilə əsassız və siyasi xarakterlidir. Elxan Nuriyev 1993-cü ildə Ukraynaya mühacirət edib və vətəndaşlıq alıb, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib, Ukrayna cəmiyyətinin demokratikləşməsi üçün çalışıb. O, Ukrayna Zabitlər Birliyinin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədridir.
Azərbaycanda Elxan Nuriyevə absurd ittiham 1993-cü ildə qaldırılıb. Həmin dövrdə Qubadlıda bir neçə nəfərin öldürülməsinin üstü açılıb və cinayət iştirakçıların hamısı tutulub. Heydər Əliyev hakimiyyəti Elxan Nuriyevin adını da bu cinayətə bağlamağa çalışıb, o, beynəlxalq axtarışa verilib. Lakin Ukrayna bu ittihamları qəbul etməyib, əsassız və siyasi xarakterli sayıb, Elxan Nuriyevi Azərbaycana qaytarmayıb.
Bu illər ərzində Elxan Nuriyev müxtəlif ölkələrə sərbəst səfərlər edib və saxlanmayıb. Milli Şura hesab edir ki, Elxan Nuriyevin Polşada saxlanmasının səbəbi siyasidir və Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlıdır. Elxan Nuriyevin Rusiya işğalını beynəlxalq səviyyədə pisləməsi, Ukraynanın müdafiəsinin təşkili, orduya yardımlar sahəsində gördüyü işlər, eyni zamanda həmin yöndə ciddi təbliğat aparması təcavüzkar Rusiyanın müttəfiqi olan Azərbaycan hakimiyyətinin xoşuna gəlmirdi, bu səbəbdən 29 il əvvəl baş vermiş cinayət hadisəsi ilə bağlı əsassız beynəlxalq axtarış sənədlərini yeniləyərək Elxan Nuriyevin ekstradisiyasına nail olmaq istəyir.
Milli Şura Elxan Nuriyevin dərhal azadlığa buraxılmasını tələb edir, Polşanın hüquq mühafizə orqanlarının məsələyə obyektiv yanaşacağına inanır”.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.