Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması və “söhbətin bağlanması” bəzi xarici qüvvələrin qondarma Dağlıq Qarabağ rejimini rəsmən tanımasına yol aça bilər: “Sülh müqaviləsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan ərazisi kimi tanınması aydın ifadə olunmalıdır. Qarabağdakı ermənilərin reinteqrasiyası bizim daxili məsələdir, amma həmin ərazi uğrunda müharibədə qalib gəlmişik və savaşa nöqtə qoyan sənəd bu nəticəni özündə daşımalıdır. Əks təqdirdə bəzilərinin Dağlıq Qarabağ rejimini tanıması üçün əl-qolu açılacaq”.
REAL-ın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də eyni fikirdədir: “Ermənistan sülh müqaviləsində bütün məsələlərin birdəfəlik həllini istəmir, Qarabağ məsələsini ayrıca məsələ kimi görür. Biz bunu haqlı olaraq daxili işimiz hesab etsək də, bölgənin məmləkətə inteqrasiyası barədə yol xəritəsi açıqlamırıq, bu isə həm Rusiyaya, həm də Fransanın timsalında Qərbə müdaxilələr üçün açıq qapı qoyur.
Sülh müqaviləsində mütləq Ermənistanın Qarabağla birgə Azərbaycanın ərazi bütövlüyünü tanıması qeyd olunmalı, bölgədə yaşayan ermənilərin ölkəyə inteqrasiyası ilə yanaşı Ermənistandan qovulmuş Azərbaycan türklərinin öz torpaqlarına qayıtmaq hüququ təsbit olunmalıdır. Ədalətli sülhü bərqərar edəcək, əsrlərə yayılacaq işlək sənədlər imzalanmalıdır ki, bölgəmizə əmin-amanlıq və rifah gəlsin. Ona görə də sülh müqaviləsində Ermənistanın yozmağa çalışacağı heç bir ifadə yer almamalıdır”.
Novator.az xatırladır ki, 1988-ci il fevralın 13-də ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb və getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib (noyabrın 26-da Azərbaycan parlamenti muxtar vilayətin ləğvinə qərar verib). Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.
Hazırda Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar aparılır, sülh müqaviləsi hazırlanır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.
REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Parlamentdə 1 mandatla təmsil olunur.