AXCP sədri Əli Kərimli istiqlal təbriki yayıb.
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Oktyabrın 18-də parlamentdə dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul olunub, dekabrın 29-da həmin sənəd ümumxalq səsverməsi ilə təsdiqlənib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü sayılır.
Novator.az-ın məlumatına görə, Əli Kərimli yazır ki, Azərbaycan xalq hərəkatının və SSRİ xalqlarının milli mübarizəsi xalqlar həbsxanası olan ittifaqın süqutunu labüd etdi: “31 il öncə bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etdik. Rusiya işğalçılarının endirdiyi üçrəngli bayrağımızı böyük Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” vəsiyyətinə uyğun olaraq yenidən başımız üzərinə ucaltdıq.
Dövlət müstəqilliyimizin bərpası xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bu gözəl gündə Azərbaycan xalq hərəkatının və onun təşkilati forması olan AXC-nin lideri Əbülfəz Elçibəy başda olmaqla milli azadlıq hərəkatı veteranlarını hörmətlə anır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik.
Müstəqillik illərində yaşadığımız heç bir çətinlik, məruz qaldığımız heç bir ədalətsizlik dövlət müstəqilliyimizə olan sədaqətimizi sarsıda bilməz. Dövlət müstəqilliyimiz xalqımızın ən böyük sərvətidir. Biz bu sərvətə, güc qaynağımıza arxalanaraq hakimiyyəti xalqımıza qaytara və xalqımızın qarşısındakı bütün problemləri həll edə bilərik və biləcəyik!”
1965-ci il təvəllüdlü Əli Kərimli milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993-cü illər) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifələrində çalışıb.
1993-cü ildən AXC sədrinin müavini, daha sonra birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. AXCP-yə 2000-ci ildən rəhbərlik edir, sədr postuna 2001-ci ildə seçilib. 2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.