Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun icraçı direktoru təyin edilib. Prezident İlham Əliyev sərəncamı oktyabrın 18-də imzalayıb.
1977-ci il təvəllüdlü Mehriban İmanova 2019-cu il sentyabrın 20-dən Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub.
Oktyabrın 15-də dövlət başçısı Prezident yanında Elmin İnkişafı Fondunun əsasında Azərbaycan Elm Fondu publik hüquqi şəxs yaradılmasına fərman verib. Sənədə görə, fond təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərir. Qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir, cari rəhbərliyə icraçı direktor məsuldur.
Həmin gün imzalanan prezident sərəncamı ilə Azərbaycan Elm Fondunun Müşahidə Şurasının tərkibi belə təsdiqlənib: Prezident Administrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri (sədr), elm və təhsil naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Prezident yanında Ali Attestasiya Komissiyasının sədri (üzvlər).
Elmin İnkişafı Fondu 2009-cu il oktyabrın 21-də yaradılmışdı.