Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının 1 yaşı tamamlanıb. Novator.az-ın məlumatına görə, partiya sədri Qubad İbadoğlu yazır ki, il tarix üçün çox qısa müddət olsa da, ADR ölkənin ictimai-siyasi həyatında doğru mövqe tutmağı, xalqın dərdlərini ölkənin gündəliyinə çevirməyi, ədalətsizliyə, haqsızlığa, korrupsiyaya, talançılığa son qoymaq üçün demokratik siyasi mübarizə vasitələrindən istifadə etməyi bacarıb: “Bütün bunlar fədakar partiyadaşlar və təəssübkeşlər sayəsində mümkün oldu. Siyasi mənsubiyyətindən asılı olmayaraq demokratik dövlət, azad cəmiyyət və firavan həyat quruculuğu yolunda mübarizə aparan, haqsızlığa susmayan hər bir ölkə vətəndaşının əməyini yüksək qiymətləndirir, əqidə və mübarizə yoldaşlarımla ən qısa zamanda ölkəmizdə azad sözə, müstəqil düşüncəyə münbit mühit yaratmaq və demokratik idarəetmə təsisatlarını bərpa etmək uğrunda sonadək mübarizə aparacağımızı bir daha bəyan edirik!
ADR Partiyasının böyüməsi Azərbaycanda avtoritarizmin kiçilməsi deməkdir. İqtidar ADR-in böyüməsindən çox narahatdır, bu prosesin qarşısını almaq üçün Ədliyyə Nazirliyi qeydiyyat üçün müraciətimizi dəfələrlə geri göndərib, məhkəmə Ədliyyə Nazirliyinə qarşı iddiamızı mümkünsüz hesab edib. Odur ki, hüquqi dövlət, liberal iqtisadiyyat, azad və firavan həyat, ləyaqət və ədalət naminə hər kəsi ADR-ə üzv olmağa və mübarizəmizə güc qatmağa dəvət edirəm”.
ADR Partiyası 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Qurum həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da və iyulun 5-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim etsə də, hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb, partiyanın Ali Məhkəməyə üz tutacağı açıqlanıb.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində, ABŞ-ın Ratqers Universitetində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.
ADR-in rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı və başqa şəxslər yer alır.
“Siyasi partiyalar haqqında” qanuna görə, partiyanın qeydə alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 60 partiya dövlət qeydiyyatındadır.
Sentyabrın 7-də Milli Məclisin təqdim etdiyi yeni qanun layihəsi partiyanı Azərbaycanda son 20 il daimi yaşayan azı 200 vətəndaşın təsis etməsi, dövlət qeydiyyatına alınması üçün partiyanın azı 10000 üzvü olması hökmləri qoyur. 10000 üzv şərtini hazırda dövlət qeydiyyatında olan partiyalara da şamil etmək nəzərdə tutulur.