AXCP sədri Əli Kərimli BMT Baş Məclisinin 12 oktyabr iclasından yazıb. Həmin iclasda Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsini qanunsuz akt sayan qətnamə qəbul olunub. Sənədə 143 ölkə dəstək verib. 5 ölkənin əleyhinə çıxdığı qətnaməyə 35 ölkə bitərəf qalıb, 10 ölkə, o cümlədən Azərbaycan səsvermədən yayınıb.
Novator.az-ın məlumatına görə, Əli Kərimli qeyd edir ki, Rusiya prezidenti Vladimir Putinin işğalçılıq siyasəti beynəlxalq aləmdə rədd olunur: “BMT Baş Məclisində qəbul edilən 12 oktyabr qətnaməsi ilə dünya dövlətləri Putinin işğal etdiyi Ukrayna ərazilərində keçirdiyi saxta referendumları tanımadı, Ukraynanın ərazi bütövlüyünə güclü və birmənalı dəstək verdi.
Rusiyanı yalnız 4 dövlət – Belarus, Suriya, Şimali Koreya və Nikaraqua dəstəklədi. Bu 4 dövlətin də ikisi – Belarus və Suriya faktiki olaraq Rusiyanın işğalı altındadır. Beləliklə, BMT-dəki səsvermə Rusiyanın mədəni dünyadan tam təcrid olunduğunu göstərdi”.
AXCP sədri Azərbaycanın 12 oktyabr səsverməsindən yayınmasını yanlış addım sayır: “Ukraynanın ərazi bütövlüyünə dəstək qətnaməsində bizim səsimiz olmadı. Bununla da təkcə Rusiya yox, İlham Əliyevin səhv siyasəti nəticəsində Azərbaycan da xeyli dərəcədə təklənmiş oldu. Əgər sən şüurlu şəkildə işğala və zorbalığa haqq qazandıran, təcrid olunmuş dövlətlərin yanında olmağı seçirsənsə, təbii ki, Avropa Şurasından BMT-yə qədər bütün nüfuzlu siyasi meydanlarda özün də təklənəcəksən. Necə ki, Azərbaycan, təəssüf, təklənir. Səhv siyasəti şəxsən İlham Əliyev özü aparsa da, hesabı bütövlükdə Azərbaycan dövlət olaraq ödəyir”.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.
Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.
Sentyabrın 23-dən 27-dək işğalçı rejimlərdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.
Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.
Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb.
Müqavilələr oktyabrın 2-də Konstitusiya Məhkəməsindən müsbət cavab alıb, oktyabrın 3-də parlamentin aşağı palatasında (Dövlət Duması), oktyabrın 4-də yuxarı palatasında (Federasiya Şurası) təsdiqlənib, müvafiq qanun layihələri qəbul edilib.
Rusiya prezidenti oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan sənədlər paketini imzalayıb.