Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 13 oktyabr iclasında Rusiyanın Ukraynaya təcavüzünü sərt qınayan qətnamə qəbul olunub. Respublikaçı Alternativ Partiyasından Novator.az-a verilən məlumata görə, qurumun üzvü, 16 saylı Yasamal dairəsindən deputat Erkin Qədirli həmin iclasda çıxış edib. O, 2022-ci ilin iyun ayında xüsusi alt komitənin Ukraynaya səfər etdiyini xatırladıb: “Mən özüm də həmin alt komitənin üzvü kimi Kiyevə, Buçaya, İrpinə getmişdim. Orada gördüklərim və eşitdiklərim mənə çox tanış idi, ölkəmdə 30 illik təcavüz və işğal zamanı baş verənləri xatırlatdı. İrpin şəhəri merinin müavini məndən sualın olub-olmadığını soruşduqda “yox” dedim, çünki həqiqətən heç bir sualım yox idi, hər şey çox aydın idi.
Hörmətli həmkarlar, aqressiya həmişə çox gözəl bəhanələrlə başlayır. Hər şey ola bilər: azlıqların müdafiəsi, tarixi ədalət deyilənin bərpası, xalqın iradəsi. Zərurət və başqa bu kimi bəzi sinik arqumentlər də ola bilər. Aqressiya demək olar ki, istisnasız bu bəhanələrlə başlayır. Biz indi bunun Rusiyada necə işlədiyini Ukraynaya təcavüzdə görürük. İşğal, sonra saxta referendumlar, sonra xalqın iradəsinə istinadlar…
İndi isə Ukrayna ərazisinin bir hissəsinin utanc hissindən uzaq ilhaqı göz qarşısındadır. Rusiya bu ərazini Rusiya Federasiyasının bir hissəsi olduğunu iddia edir. Rusiya televiziyalarının müzakirələrini, Rusiya rəsmilərinin, ictimai xadimlərinin nə dediyini izləyirsinizmi? İndi onlar Ukrayna ordusunun BMT nizamnaməsinin özünümüdafiə barədə 51-ci maddəsinə tamamilə uyğun olan hərəkətlərinə ad qoyur, bu əməlləri Rusiya Federasiyasına qarşı təcavüz adlandırırlar. Bu, tam cəfəngiyatdır”.
1972-ci ildə doğulan Erkin Qədirli hüquqşünasdır. 2020-ci ildən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində təmsil olunur.
1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.
Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.
Sentyabrın 23-dən 27-dək işğalçı rejimlərdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.
Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.
Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb.
Müqavilələr oktyabrın 2-də Konstitusiya Məhkəməsindən müsbət cavab alıb, oktyabrın 3-də parlamentin aşağı palatasında (Dövlət Duması), oktyabrın 4-də yuxarı palatasında (Federasiya Şurası) təsdiqlənib, müvafiq qanun layihələri qəbul edilib.
Rusiya prezidenti oktyabrın 5-də Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan sənədlər paketini imzalayıb.