İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli hesab edir ki, Mərkəzi Asiyanın türk dövlətləri tezliklə dünya siyasətinin mərkəzlərindən birinə çevriləcək: “Dünyanın iqtisadi inkişafının motoru Çinə, Hindistana və hər iki dövlətin orbitindəki ölkələrə keçir, yaxın 20 ildə iqtisadi mərkəz məhz Hind-Sakit okean hövzəsi olacaq. Yeni modeldə Mərkəzi Asiyanın türk dövlətlərinin üzərinə böyük rol düşür – onlar körpü, müxtəlif lider ölkələr arasında bufer zona rolunda olacaq. Həmin ölkələri həm də Rusiyanın gələcək fiaskosuna hazırlamaq lazımdır. Bütün dünya bu gün post-Putin, zəifləmiş Rusiya dönəminə hazırlaşır.
Yeni dünyada türk cümhuriyyətlərinin unikal rolu üçün öz aralarında sıx inteqrasiya bağlarının, əsas da dövlətlərarası koordinasiya institutlarının yaradılması çox önəmlidir. Bu missiyada Azərbaycanın unikal mövqeyi ola bilər – biz Mərkəzi Asiyaya Türkiyədən bir köynək daha yaxınıq. Türkiyə vacib, önəmli, güclü oyun qurucu rolunu gücləndirməli, Azərbaycan isə Mərkəzi Asiyanı Türkiyəyə, eləcə də dünyaya bağlayacaq strateji körpü olmalıdır. Ölkəmiz Xəzərin o tayında böyük yumşaq gücdür, bizə Avropa kimi baxır, bizi Avropa sayırlar – bunu doğru dəyərləndirməliyik.
Hər şey çox tez dəyişir, qlobal dünyadan fraqmental dünyaya keçid baş verir, bu yeni formatda Türkiyə fraqmental dünyanın yeni regional güc mərkəzi, Azərbaycan isə bu yeni güc mərkəzinin əsas oyunçusu ola bilər.
Bunun üçün Türk Dövlətləri Təşkilatının işlək koordinasiya institutları yaranmalıdır. Türk Dövlətləri Təşkilatı ərazi olaraq böyük bir coğrafiyadır, əhali olaraq 160 milyonluq bazardır – bu qurum öz gücünü və nüfuzunu dəqiq hesablaya, doğru dəyərləndirib düzgün strategiya qura bilsə, gələcək fraqmental dünyanın əsas oyun qurucularından biri olacaq. Bu gün 10-20-30 il önə baxmağı bacarmaq, gələcəyin təməlini düzgün qoymaq zamanıdır”.
Novator.az bildirir ki, 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın imzaladığı sazişlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. 2019-cu il sentyabrın 14-də Özbəkistan qurumun üzvü olub.
2021-ci il noyabrın 12-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi haqqında qərar qəbul olunub.
Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçidir.