Nazirlər Kabineti Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətinin təmin edilməsinə qərar verib. Oktyabrın 12-də rəsmiləşən qərar komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə katibliyin yaradılmasını nəzərdə tutur. Katiblik Nazirlər Kabinetinin Aparatında şöbə hüququnda və 5 ştat vahidindən ibarət olmaqla təşkil edilir.
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə dövlət komissiyası prezidentin 23 may 2022-ci il sərəncamı ilə yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin sədrlik etdiyi komissiyanın üzvləri belə sıralanıb: Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini, xarici işlər nazirinin müavini, daxili işlər nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, ədliyyə nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, müdafiə nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri, Qazax Rayon İcra Hakimiyyətinin başçısı, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı, Laçın Rayon İcra Hakimiyyətinin başçısı, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edərək Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlar nəticəsində ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi separatçı rejimin, Ermənistana gedən Laçın yolu Rusiya hərbi kontingentinin nəzarətindədir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.