İlham Əliyevin dövlət başçısı olmasının 19 ili tamamlanır.
1961-ci il təvəllüdlü İlham Əliyev 1994-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1996-cı ildən birinci vitse-prezidenti vəzifəsini tutub, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.
2003-cü il avqustun 4-də baş nazir təyin edilib, oktyabrın 15-də prezident seçkisinin qalibi elan olunub, oktyabrın 31-də səlahiyyətlərinin icrasına başlayıb, 2008, 2013 və 2018-ci illərin prezident seçkilərində kürsüsünü qoruyub.
İlham Əliyevin atası Heydər Əliyev 1993-2003-cü illərdə dövlət başçısı olub və indi hakim komandadakı bir çox yüksək vəzifəli şəxs həmin dövrün kadrıdır.
Novator.az bildirir ki, 2005-ci ildən Ali Məhkəmənin sədri olan Ramiz Rzayev 1995-ci ildən hərbi prokuror, 2000-ci ildən baş prokurorun birinci müavini vəzifələrində çalışıb.
Prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu dövlət aparatına 1994-cü ildə gətirilib.
Prezidentin köməkçisi, administrasiyanın hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev 1993-2007-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 1994-2019-cu illərdə daxili işlər naziri olub.
Prezident Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov aparata 1996-cı ildə təyinat alıb.
Prezidentin köməkçisi, administrasiyanın dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov 2000-2001-ci illərdə dövlət əmlakı nazirinin müavini vəzifəsində çalışıb, 2005-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olub.
Nazirlər Kabinetində baş veteran fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Kəmaləddin Heydərov 1995-ci ildən 2006-cı ilə – nazir təyin edilənədək Dövlət Gömrük Komitəsinin sədri olub.
Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətə 1997-ci ildə gətirilib. 1999-cu ilədək Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub.
Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziri, Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir.
2019-cu ildən baş nazir olan Əli Əsədov 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, 2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifələrində işləyib.
2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub.
2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov Heydər Əliyevin prezident postu tutduğu 2003-cü ilin yanvarından daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı vəzifəsində xidmət edib.