Prezident İlham Əliyev oktyabrın 13-i Qazaxıstanın paytaxtı Astanada, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısında çıxış edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində öz torpaqlarını Ermənistanın işğalından azad edib, 30 il davam edən Qarabağ münaqişəsinə son qoyub: “30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunub.
Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı.
Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Biz işğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar etmişik.
Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Biz iki ilə yaxındır bu məlumatı tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir.
Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq.
Qarabağ münaqişəsinin həll olunmasına baxmayaq Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistanın törətdiyi etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib”.
27 ölkəni birləşdirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin əsası 1992-ci ildə qoyulub.
Astanadakı zirvə toplantısına Azərbaycanın dövlət başçısı ilə yanaşı Türkiyə, Rusiya, Belarus, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İraq, Fələstin, Tacikistan prezidentləri və başqa dövlətlərin rəsmiləri qatılıblar.