Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevlə bağlı bəyanat yayıb.
Elxan Nuriyev oktyabrın 2-si Polşada tutulub. Onun Azərbaycanda qəsdən adam öldürmə və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə beynəlxalq axtarışda olduğu xəbər verilir.
ADR-in bəyanatında qeyd olunur ki, Elxan Nuriyev Azərbaycan xalq hərəkatının fəal iştirakçısı, Birinci Qarabağ müharibəsinin veteranıdır, Əbülfəz Elçibəyin prezidentliyi dövründə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olub, sonralar Ukraynaya köçərək həmin ölkənin vətəndaşlığını qəbul edib: “Elxan Nuriyev dəfələrlə xaricdə olub, Türkiyəyə və Polşaya səfərlər etsə də, sərhəd məntəqələrində heç vaxt problemlə qarşılaşmayıb. Onun Polşaya son səfərinin məqsədi Rusiyanın Ukraynadakı cinayətlərini pisləyən beynəlxalq tribunalın yaradılması üçün məsləhətləşmələrdə iştirak olub.
Elxan Nuriyev Ukraynanın ictimai sektorunda və siyasi dairələrində tanınmış simadır, Ukrayna Zabitlər İttifaqının fəal üzvüdür. Onun mövqeyi və fəaliyyəti Ukraynanın və keçmiş SSRİ-nin digər ölkələrinin vətənpərvər dairələrinə yaxşı məlumdur. Elxan Nuriyev hər bir xalqın azad, suveren və demokratik inkişaf hüququnun tərəfdarı, bu hüquqları Putin Rusiyasının əsarət altına almasının əleyhdarıdır.
2015-ci ildən Anti-Putin İnformasiya Cəbhəsinin təsisçisi və əlaqələndiricisi, Rusiyanın hərbi cinayətləri haqqında həqiqətləri yaymaq üçün informasiya resurslarının və proqramların yaradılmasının təşəbbüskarı olan Elxan Nuriyev ictimai çıxışları və informasiya cəbhəsində Putinin işğalçılıq siyasətinə qarşı mübarizəsi ilə tanınan, çoxminlik auditoriyaya malik jurnalist və ekspertdir.
Rusiyanın Ukraynaya son hərbi təcavüzünün ilk günlərindən Elxan Nuriyev Putin Rusiyasına qarşı müqavimət kürsüsünə çevrilərək müharibə dövründə Azərbaycanın azad mətbuatında ən çox istinad edilən mənbədir.
Elxan Nuriyevin Azərbaycan hakimiyyətinin göstərişi ilə Polşada saxlanması siyasi təqibdən başqa bir şey deyil, çünki Elxan Nuriyev müxalif ADR Partiyasının siyasi kursunu dəstəkləyir. Elxan Nuriyevə qarşı irəli sürülmüş ittiham saxtadır, onun şərlənərək saxlanması Putin və Əliyev hakimiyyətlərinə qarşı fəal siyasi mövqeyi, Rusiyanın Ukraynaya təcavüzünə, avtoritar rejimlərə qarşı tənqidi münasibəti və informasiya fəaliyyəti ilə əlaqədardır”.
ADR Partiyası 2021-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Quruma iqtisadçı alim Qubad İbadoğlu sədrlik edir.