ABŞ-ın “Vaşinqton Post” qəzetində redaksiya heyəti adından “Putin nüvə müharibəsi ilə hədələyir. Qərb fəlakətin qarşısını almalıdır” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Ukraynanı qırıb-çatmaq fikrinə düşmüş Rusiya prezidenti Vladimir Putin son vaxtlar bu niyyətlə başladığı müharibədə iki dəfə nüvə silahından istifadənin mümkünlüyü məsələsini qaldırıb.
Rus ordusunun Ukraynanın Donbas bölgəsində gerilədiyi bir zamanda Putinin təhdidləri əlacsızlıqdan silahını çıxarıb hamıya xox gələn adamın hədə-qorxusuna bənzəyir. Ancaq onun təhdidlərini tam qırağa qoymaq da düz deyil, çünki Putin həm də çox dayaz düşüncəli bir prezident kimi ad çıxarmış adamdır.
Görən söhbət hansı nüvə silahından gedir? Bütün qitəni bürüyəcək, bütöv şəhərləri vura biləcək, soyuq müharibə dövründə sadəcə xəbərdarlıq məqsədilə ara-sıra nümayiş olunmuş nüvə başlıqlı qitələrarası ballistik raketlərdənmi? Güman ki, yox. Böyük ehtimalla söhbət qeyri-strateji, başqa sözlə desək, taktiki nüvə silahından gedir.
Nüfuzlu elm xadimləri Hans Kristensenlə Mett Kordanın bu il “Nüvə alimlərinin bülleteni”ndə dərc etdirdiyi müştərək məqalədə Rusiyada 1912 ədəd taktiki nüvə başlığının olması versiyası irəli sürülüb. Belə nüvə başlıqlarını yerüstü raket sistemlərindən, təyyarələrdən, hərbi gəmilərdən atmaq olar.
Amma bunların arasında yəqin ki, istismardan çıxarılmış və ya çıxarılması gözlənən başlıqlar da var. Ona görə güman ki, Rusiyanın döyüşə yararlı taktiki nüvə başlıqlarının sayı 1912 ədəd deyil, daha azdır.
1991-ci ildə ABŞ prezidenti Corc Buş və Sovet İttifaqının rəhbəri Mixail Qorbaçov nüvə başlıqlarının bir çoxunu könüllü surətdə anbarlara qaytarmaq barədə razılığa gəlsələr də, reallıqda heç vaxt heç bir müqavilə nüvə silahlarını məhdudlaşdıra bilməyib.
Rusiyanın nüvə başlıqları Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinin saxlancındadır. Putin onları açıq, yəni döyüş vəziyyətinə gətirməyi qərara alsa, bu barədə əmr verməli, onun əmri hərbi hissələrə çatdırılmalıdır. Sonra silahlar anbarlardan yük maşınlarına, yaxud helikopterlərə yüklənməli, həmin nəqliyyat vasitələri ilə daşınmalı, yekunda, tutalım, yerüstü sistemlərdə, yaxud bombardmançı təyyarələrdə raketlərə bərkidilməlidir. Bundan sonra Putin o raketlərin atılması barədə birbaşa, ayrıca əmr verməlidir.
ABŞ və müttəfiqləri bu addımların hər birini yerindəcə aşkarlamaq imkanındadır. Bu isə o deməkdir ki, Birləşmiş Ştatların və müttəfiqlərinin məsələyə reaksiya vermək üçün zamanı olacaq. İntensiv diplomatik təzyiqlər, həmçinin digər təzyiqlər Putini vaxtında nüvə fəlakətindən çəkindirib dayandırmağın ilkin vasitələri ola bilər və olmalıdır da.
Fəlakətdən qorunmağın ən yaxşı yolu indidən belə xəbərdarlıqlara hazırlaşmaqdır. Sözsüz, Putin özü də vəziyyətin bu həddə çatmasında maraqlı ola, təzyiqi artırmaq üçün oyun qurmaq qərarına gələ bilər. Ancaq bu, riskli oyundur, belə oyunda bütün nəticələri qabaqcadan hesablamaq çətindir, hansısa məqamda səni yanlış başa düşə, fikrini ciddi qəbul edə bilərlər. Nüvə silahı oyuncaq deyil, ölüm-dirim məsələsidir.
Ukraynada hətta ən aşağı gücdə də nüvə partlayışı mülki əhalinin, hərbçilərin qırılması, tək Ukraynanın yox, Rusiyanın və digər ölkələrin radiasiyaya məruz qalması deməkdir. ABŞ prezidenti Cozef Bayden belə bir addımın Rusiyaya nəyə başa gələcəyi barədə yetərincə xəbərdarlıq edib. Putin Baydeni eşitsə, çox müdrik davranmış olardı.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, istefada olan general Devid H. Petreus bu günlərdə sətiraltı mənalar verən ehtiyatsız bir ehtimal səsləndirib: Kreml Ukraynada taktiki nüvə silahından istifadə etsə, NATO adi silahlarla, yəni qeyri-nüvə vasitələri ilə kütləvi zərbələr endirə, o cümlədən Rusiyanın Qara dənizdəki donanmasını suya qərq edə bilər. Doğrusu, bu, daha çox Rusiyaya qarşı geniş miqyaslı müharibənin ssenarisinə oxşayır. Yaxşısı Putini fəlakət baş qaldırana qədər dayandırmaqdır.
1962-ci ildə Sovet İttifaqının Kubada nüvə başlıqlarını raketlərə bərkitməsi dünyanı uçuruma sürükləmişdi. Sonda Moskva geri çəkildi, başlıqları yenidən Sovet İttifaqına daşıyıb apardı. Putin getdikcə o tarixi günlərin təhlükəli çağlarına yaxınlaşır. Putin Əzrayılla çilingağac oynayır. Bircə ağıllı yol varsa, o da geri çəkilib bu lazımsız müharibəyə son qoymaqdır.
Mənbə: Washingtonpost.com