2022-ci ilin Nobel sülh mükafatı belaruslu hüquq müdafiəçisi Ales Belyatski, Rusiyanın “Memorial” Mərkəzi və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinə verilib. Qərarı oktyabrın 7-si Osloda Norveç Nobel Komitəsi açıqlayıb.
Ales Belyatski 1962-ci ildə doğulub. Filoloqdur. Əsası 1996-cı ildə qoyulmuş “Vesna” Hüquq Müdafiə Mərkəzinin sədridir. 2011-2014-cü illərdə həbsdə olub. 2021-ci il iyulun 14-də yenidən həbs edilib.
“Memorial” 1980-ci illərin sonlarında yaradılıb. İlkin ideya bundan ibarət olub ki, İosif Stalinin SSRİ-yə başçılıq etdiyi illərdə repressiyalara qurban gedənlərin xatirəsinə abidə ucaldılsın. Sonra repressiya qurbanlarının xatirəsinə muzey yaradılmasına, Stalin dövrünün cinayətlərinin arxiv və kitabxanalarda araşdırılmasına da başlanıb.
Tezliklə “Memorial” kütləvi ictimai dəstək qazanıb, hərəkat formasını alıb. 1988-ci ildə məşhur sovet dissidenti akademik Andrey Saxarov “Memorial”ın sədri seçilib. Ancaq sovet hakimiyyəti “Memorial”ı bir təşkilat kimi qeydə almaqdan imtina edib. 1989-cu ilin 14 dekabrında Andrey Saxarov vəfat edib. “Memorial” yalnız bundan sonra, SSRİ-nin süqutuna az qalmış rəsmən dövlət qeydiyyatından keçib.
“Memorial” təkcə Stalin repressiyalarının qurbanlarının xatirəsini əbədiləşdirməklə, həmin dövrdəki cinayətləri araşdırmaqla məşğul olan bir təşkilat kimi deyil, ümumən insan hüquqlarının müdafiəsi mərkəzi kimi ad çıxarıb.
2021-ci ilin dekabrında “Memorial”ın dövlət qeydiyyatı ləğv edilib.
Vətəndaş Azadlıqları Mərkəzi 2007-ci ildə yaradılıb. Baş ofisi paytaxt Kiyevdə yerləşən mərkəz demokratik dəyərlər, insan hüquqları uğrunda mübarizə aparır, Ukraynada, bütövlükdə Avrasiya məkanında bu dəyərlər ətrafında həmrəyliyə nail olmağa çalışır. Mərkəz öz fəaliyyətini əsasən dövlət orqanlarını ictimai nəzarət altında saxlamaq, yeni nəsil hüquq müdafiəçiləri və ictimai xadimlər yetirmək, beynəlxalq həmrəyliyə köklənmiş proqramlar reallaşdırmaq yolu ilə həyata keçirir.
Novator.az bildirir ki, 2022-ci ilin tibb üzrə Nobel mükafatını isveçli Svante Paabo, fizika üzrə Nobel mükafatını Alen Aspe (Fransa), Con Klauzer (ABŞ), Anton Saylinger (Avstriya) üçlüyü, kimya üzrə Nobel mükafatını Karolin Bertossi, Barri Şarpless (hər iksi ABŞ), Morten Meldal (Danimarka) üçlüyü, ədəbiyyat üzrə Nobel mükafatını fransız Anni Erno alıb. Bu qərarları Stokholmda İsveç Elmlər Akademiyası bəyan edib.